Orucun 15-i mərasimi

Orucun 15-i mərasimi

14 Mart 2025

Dini, mənəvi dəyərlər içərisində ən geniş yayılan və ən çox diqqəti çəlb edən mərasimlərdən biri Orucluq mərasimidir. Ramazan orucu hicrətin ikinci ili, (Hicrət 622-ci ildə olmuşdur- A.O) şaban ayının 10-da vacib buyrulmuşdur. Belə ki, Orucluq mərasimi 624-cü ildən etibarən həyata keçirilməyə başlamışdır və “o vaxta qədər müsəlmanlar hər kəs kimi hər ay üç gün oruc tuturdular. Hz. Peyğəmbərimiz (s.ə.v) həyatında 9 Ramazan orucu tutmuşdur. Quran Allaha ibadətin bu şəklini inkişaf etdirərək orucu ay təqviminin doqquzuncu ayı olan ramazan ayının son on gecəsindən birində vəhyin nazil edilməsinin başlanması ilə əlaqələndirmiş və müsəlmanları “sayı bəlli olan günləri oruc tutmağa çağırmışdır”. Belə ki, İslam din xadimlərinin fikrincə, Quran hicri tarixinin ramazan ayında nazil olmuşdur, buna görə də müsəlmanlar bu ayda Allahın şərəfinə oruc tutmalı və ona həsr olunmuş xüsusi ibadətlər keçirmək yolu ilə Onu mədh etməlidirlər. Orucluq İslamın təməl şərtlərindən olub hər bir müsəlmana fərz qılınmışdır. Allah-təala buyurub: Oruc mənə görədir, mən özüm onun mükafatını verəcəyəm”. Oruc tutmaq müəyyən olunmuş vaxt kəsiyində özünü dünya nemətlərindən uzaqlaşdırmaqla bərabər, ilk növbədə Allaha ibadət etməkdir. Çünki orucluq zamanı görülən işlər Allah yolunda görülən savablardandır. İslam dünyasında o ən pak, saf və təmiz ay hesab olunur. İlk növbədə Allaha yaxın olmaq üçün niyyət tutulur. Ramazana bəzən orucluq ayı anlamında “şəhri-sıyam” da deyirlər. Ərəb mənşəli “savm” (sıyam) kəlməsi Azərbaycan dilinə nəfsə hakim olmaq anlamındadır.

“Qurani Kərim”in hökmünə görə xəstələr, uşaqlar və səfərdə olanlardan başqa hər bir müsəlman oruc tutmalıdır. Onu da qeyd edək ki, dinlər tarixinə görə bütün səmavi dinlərdə müəyyən formada orucluq olmuşdur. 

 Azərbaycan sovetləşəndən sonra şəriətin başqa adətləri kimi, orucluğa qarşı da barışmaz mübarizə aparılmağa başlandı. Bolşevik təbliğatında orucluq da məhərrəmlik, Novruz və Qurban bayramı kimi mövhumatçıların uydurması sayılırdı. Sovet mətbuatı məsələyə tamam əks mövqedən yanaşaraq yazırdı: “Orucluq orqanizmi əldən salır və sağlamlığı məhv edir”. Ancaq əksinə, orucluq tibbi və sağlamlıq nöqteyi-nəzərdən və əxlaqi baxımdan çox əhəmiyyətlidir. Məhərrəmliyə və orucluğa qarşı geniş mübarizə kampaniyası Kommunist partiyasının protokollarında öz əksini tapmışdı. Bütün bunlara baxmayaraq xalq arasında yayılmış bəzi milli-mənəvi dəyərlər, bayram və mərasimlər qorunub saxlanılmış və günümüzə qədər gəlib çatmışdır. Günümüzə qədər gəlib çatan və Ordubad bölgəsinin bəzi kəndlərində və əsasən Ordubad şəhərinin özündə qeyd edilən mərasimlərdən biri də “Orucun 15-i” mərasimidir. Orucluq 15 gün keçəndə yarı olur. Mərasimin keçrilməsi də bununla əlaqələndirilir. Yəni artıq bu ayı yarı etdik. Mərasim zamanı uşaqlar bir yerə yığışıb qapı-qapı gəzib pay yığardılar. Pay yığılan zaman bu sözlər uşaqlar tərəfindən oxunardı:

Orucun 15-dir gəldik sizə,

Orucun niyazını verin bizə,

                                               Xanım, ayağa dursana,

                                               Boşqabı doldursana, 

 

Oğlun qızın var olsun,

Doğduğun oğlan olsun,

Son beşiyin qız olsun,

 Açılsın sünbül olsun.

 

Bu deyim qurtardıqdan sonar uşaqların biri “Rəbbi Cəlil boşqabı doldurub gəlir” deyərdi. Bu zaman uşaqların hamısı xor ilə “konfet gəlir, ərik qurusu gəlir, alana gəlir” deyərdilər. Bir sözlə ürəkləri nə istəyərdisə onun adını çəkərdilər. Kimsə pay verməsə, onlara tərəf üz tutub birgə deyərdilər:

Pay verənin oğlu olsun,

Vermiyənin qızı olsun.

Tanınmamaq üçün uşaqlar üzlərini gizlədər və ya bəzəyərdilər. Sonda uşaqlardan biri yığılmış payı hər kəs arasında bərabər şəkildə bölərdi. Onu qeyd edək ki, bu mərasimə bir neçə gün qalmış hər evdə hazırlıq görərdilər. Həmin gün axşam iftarını zəngin süfrə ilə açardılar, sonra nişanlı qız evinin valideynləri bəyi görmək üçün oğlan evinə gələrdilər. Ailənin üzvlərinə, xüsusilə bəyə müəyyən hədiyyələr gətirərdilər. Bundan əlavə orucun 15-ə qədər heç kimi iftar süfrəsinə dəvət etməzdilər. Bir daha bildirək ki, bu mərasim ancaq Ordubad şəhərinə və ətrafdakı bir neçə kəndə aiddir.

Xok kəndindən isə toplanmış materiallara görə, orucun çıxmasına 3 gün qalmış məhəlli xarekterli bir mərasim keçirərdilər. Günortaya kimi evlərdə buğda qovurardılar, qız-gəlinlər təzə paltarlar geyər, oğlan uşaqları xoruz döyüşdürər, əyləncəli işlərlə məşğul olardılar. Mərasim günortaya qədər davam edərdi və günortadan sonra başa çatardı. Bu şənlik İbn Mülcəmin (Hz. Əlini öldürən şəxs) ölümü ilə əlaqədar keçirilərdi. 

1993-cü ildən Orucluq bayramı Azərbaycan Respublikasında dövlət səviyyəsində keçrilir. Ramazan bayramı 2 gün qeyd olunur, həmin günlər qeyri-iş günləri sayılır.

                                                                                  Asəf ORUCOV

Tarix üzrə fəlsəfə doktoru, dosent