Xocalı soyqırımı insanlıq tarixinə qara ləkədir

Xocalı soyqırımı insanlıq tarixinə qara ləkədir

26 Fevral 2025

Ümummilli Lider Heydər Əliyev: "Amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq"

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 33 il ötür. İllər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur.Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovnistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını dünyaya nümayiş etdirdilər. 33 il keçməsinə baxmayaraq ,faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillərə erməni qəddarlarının nə qədər vəhşi olduqları barədə məlumat verməliyik.

Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. Xocalı soyqırımı dünənin, bugünün işi deyildi. Ermənistanın uzun müddət “böyük Ermənistan” yaratmaq ideyasını reallaşdırmaq uğrunda apardığı qanlı mübarizənin dəhşətli nəticələrindən biri idi.

"Böyük Ermənistan" xülyasını Azərbaycan torpaqları hesabına reallaşdırmaq istəyən ermənilər tarix boyu xalqımızın başına olmazın müsibətlər gətirərək saysız-hesabsız faciələrə bais olmuşlar. 1988-ci ildən başlayaraq öz mənfur siyasətlərini yeni mərhələyə keçirən faşizm ideologiyasına bürünmüş ermənilər xaricdəki havadarlarının köməyi ilə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal etmiş, minlərlə dinc azərbaycanlını qətlə yetirmişlər. Öz çirkin ideologiyasını həm də azərbaycanlıları bir millət kimi Yer üzündən silməklə həyata keçirməyi qarşısına məqsəd qoymuş Ermənistan hökuməti insanlıq tarixinə qara ləkə olan onlarla faciəyə rəvac vermişdir.
1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər.Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı mühüm geostrateji mövqeyi ilə seçilirdi. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir.

Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir.

“Haqq-ədalət əvvəl-axır irticaya və şərə qalib gəlir” Ulu öndər bu fikri 1998-ci il fevra¬lın 23-də ifadə etmişdi: “Bu gün ölkə¬mizin hər yerində Xocalının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanla¬rının müqəddəs ruhu qarşısında bir daha baş əyib, Tanrıdan onlara rəhmət diləyir və bütün xalqımıza başsağlığı verirəm. Dünyada ən ağır müharibənin də sonu olur. Haqq-ədalət əvvəl-axır irticaya və şərə qalib gəlir.

Xalqımızı əmin etmək istəyirəm ki, biz sülhsevər dövlət kimi sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsip¬ləri əsasında tezliklə torpaqlarımızın düşmən tapdağından tam azad edil¬məsinə nail olacağıq. Bütün qaçqın¬lar öz doğma ocaqlarına qayıdacaq, ərazi bütövlüyümüz bərpa ediləcəkdir. Azərbaycan xalqının qüdrəti və iradəsi ilə qarşımıza qoyduğumuz bütün ali məqsədlərə nail olacağıq”.
Xalqımız uzun, çoxəsrlik tarixində belə bəlalardan çox keçibdir. Belə qaranlıq günlərin işıqlı günləri olur, xoşbəxt günləri olur. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasi¬ya aktını imzalamağa məcbur oldu.Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu. Bu gün xalqımız Xocalı soyqırımını alnıaçıq, başı uca yad edir. 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində ordumuz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstərərək, ağır relyef şəraitinə, düşmən mövqelərinin əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, 23 saatdan az müddət ərzində separatçıları torpaqlarımızdan qovub.200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı.Hər il xalqımız Xocalı soyqırımı¬nı böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxu¬yur. Son iki il soyqırımının ildönümü fərqli şəkildə anılır, doğma Xocalı şəhərində.Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub.Şəhidlərimizin ruhunu məhz azadlığına qovuşmuş Xocalıda anmaq xalqımıza qürur hissləri yaşadır.
Ədalət gec də olsa, qalib gəldi. Şanlı Vətən müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi ilə nəticələnən lokal xarakterli anti-terror tədbirləri zamanı tərksilah olunan separatçılar həbs olunaraq Bakıya gətirildi.

Azərbaycan Respublikasının prokurorluq orqanlarında erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və ətrafındakı digər işğal olunmuş ərazilərdə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrindəki maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri başlanılaraq istintaq olunmuşdur.

Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla ya¬naşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qarşısında Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı cavab verirlər. Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmırda. Aparılan istintaqla müəyyən edilmişdir ki, beynəlxalq humanitar hüquq normalarına, insan hüquqları üzrə və müxtəlif konvensiyalara məhəl qoymayan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədilə insanlığa ləkə olan ən qəddar üsullara əl atmışlar. Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyənlər ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.

Qarlı qış günündə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soydaşlarımızın yaşadığı bu faciə insanlığa qarşı törədilmiş cinayət idi. Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından silinməyəcək.. heç vaxt bu qanlı faciəni unutmayacağıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Səttar ƏSGƏROV

Naxçıvan Muxtar Respublikası Prokurorunun köməkçisi

(Mətbuat xidməti üzrə) ədliyyə müşaviri,