Tarix unudulduqca təkrarlanır
1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan və rus hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər.
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan bu soyqırımından 33 il ötür.
Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.
Soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
Hələdə bu qətliam faktları araşdırılmaqdadır. Tarixçilərin və jurnalistlərin araşdırmaları əsasında belə qənaətə gəlinir ki, Xocalı soyqırımı zamanı ermənilər tərəfindən əsir və girov götürülərək, işgəncələrə məruz qalanlar yalnız azərbaycanlılar deyil. Müxtəlif millətlərin nümayəndələri, o cümlədən 1944-cü ildə öz tarixi vətənləri olan və Gürcüstanın ərazisində yerləşən Axısqadan Orta Asiya respublikalarına sürgün edilmiş,1989-cu ildə qanlı Fərqanə hadisələri zamanı haqsızlığa məruz qalaraq Azərbaycana pənah gətirmiş axısqa türkləri də bu faciənin qurbanı olmuşlar. Həmin gün axısqa türklərindən 55 nəfər əsir və girov götürülmüş, sonradan onların 50 nəfəri azad olunmuş, 5 nəfəri isə indiyə kimi qaytarılmamışdır.
Bu faciənin şahidi olmuş insanlar ürək yanğısı ilə bütün dövlətləri, beynəlxalq təşkilatları obyektiv mövqe tutmağa, Xocalıda baş vermiş faciəni soyqırımı kimi qəbul etməyə, əsir və girov götürülmüş xocalıların və axısqa türklərinin vətənə qaytarılmasına yardım göstərməyə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb edirlər.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından hesab olunur”.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib.
Xocalı soyqırımı ötən əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir.
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayır. Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.
Ermənistanın sabiq prezidenti cəllad Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində qeyd edib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik.
44 gün davam etmiş Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatında Azərbaycan əsgərinin parlaq qələbəsi ilə doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Qarabağ münaqişəsinin ədalətli həllinə sevindilər. Artıq doğma yurda qayıdış başlayıb. Xocalı ilk sakinlərini qəbul edib, uzun illərdən sonra Xocalıda ilk körpə dünyaya gəldi. Tezliklə bütün Xocalı sakinləri öz dədə-baba torpaqlatına qayıdıb firavan həyatlarına davam edəcəklər.
Ancaq onlar nə nənə- babalarının başlarına gətirilmiş o faciəni unudacaqlar.... Nə dəki torpaqlarda qanları axan qəhrəmanlarını. Çünki tarix unudulduqca təkrarlanır.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü