Qadın böyük qüvvədir!

Qadın böyük qüvvədir!

08 Mart 2025

Yazımı A. Avqustinin  qadın haqqında dediyi sözlə başlamaq istəyirəm. “Qadın elə bir mələkdir ki bizi uşaq vaxtı qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir”. Bəli qadın bax bu cür böyük qüvvədir. Özündə neçə- neçə hissləri gizlədir, neçə-neçə obrazlar yaradır həyatında. Əvvəl ailəsini sevindirən balaca qızcığaz sonra kiminsə könlünə od salıb özünə aşiq edən bir canan, bir ailənin təməlini qoyub layiqli həyat yoldaşı və daha sonra isə əsas vəzifəsi ANA obrazları. Bu son vəzifə kimi bəlkə də heç bir missiya onu xoşbəxt edə bilməz. Həm əziyyət çəkir, həm sevir, həm də sevilir. Vaxt keçəcək bu qadın böyütdüyü övladlarının övladlarına nənə olacaq. İsti bir yuvanın təməl daşı, bünövrəsidir qadın! Qadın kimisinin qızı, kimisinin yol yoldaşı, kimisinin anası, kimisinin bacısı ən əsası bir kişinin qəlbində daim əbədiyyətə kimi qalan bir bəşər övladıdır. Qadın kəliməsini söyləyərkən durub düşündükcə görərik ki, bu kəlimənin altında dərin mənalar  yatır. Hər bir qadının dünyada sevib-sevilmək haqqı vardır. Dünyada neçə yaşı olursa olsun hər zaman diqqət mərkəzində olmağı, sevilməyi istəyər. Bir qadını sevib ona nə qədər dəyərli, nə qədər zərif olduğun hiss etdirməlisən.  Qadın pulla, bahalı paltarlarla xoşbəxt olmaz. Bu dünyada qadını sevgiylə, sayğıyla , ona qarşı anlayışlı olmaqla xoşbəxt etməyi bacarmalısan. Qadını endirməyi deyil hər zaman onu yüksəklərdə tutmağı bacarmalısan. Güclü xarakteri olan qadınların həyatı çətin olur. Onlar həyatda nə qədər əzab-əziyyət çəksələrdə daim ayaq üstə durmağa, mübarizə aparmağa, sevdiyi insanlara zərər gəlməsin deyə əlindən gələnin ən yaxşısını etməyə və çəkdikləri əziyyətləri gizlədib kimsəyə bildirməməyə çalışarlar. Qadını gözəl göstərən onun yenilməz qürurudur. Bəzən yoruldum deyib bezib imtina edər yaşadığı çətinliklərdən. Elə o an ağlına bir ana, bir xanım, bir yoldaş olduğu gələr və yoluna daha inamla davam edər. Yaş artdıqca qadınlar bir az susqun, bir az tənha, bir az incik olurlar. Hər bir kişi həyatında olan qadının dəyərin bilib,  ağladığı zaman onun göz yaşını silməyi bacarmalıdır. Qadın  çox zərif, çox incə bir varlıqdır. Qadın həyatın mənası, ən ülvi canlısıdır. Bəzən həyatda çox incinər çox sınar. Lakin özünü əzdirməmək, qürurunu sındırmamaq üçün üzündəki o mimikləri vurduğu bəzəklə, ürəyində olan narahatlığı simasında yaratdığı yalançı gülümsəmələrlə gizlədər. Səssizcə girər bir insanın qəlbinə. Onu özünə valeh edər. Bir qadının üstündəki ən ağır və ən məsuliyyəti missiya onun Ana olmasıdır. Soruşsalar məndən - dünyada qarşılıqsız, əvəzsiz sevgi nədir, nədədir deyə:- Mən Ana deyib susaram. Çünki bütün ömrünü həsr edər sənə. Ananın sevgisi saf, təmiz və qarşılıqsızdır. Hər nazını çəkər, heç bir arzuna biganə qalmaz, məsləhətlər verər. Sənin həyatında hər nə qədər ki, vardır həyat başqa gözəldir. Əgər  ki, əlindən gəlsə övladına heç bir zərər gəlməsin deyə yer üzündə bütün dərdlərdən uzaq bir dünya qurub onu orda yaşadandır Ana! Yolda ayağınıza dəyəcək daşın, sizi üşüdəcək küləyin və sizi yandıran günəşin qarşısını alıb hər şeydən uzaq tutandır Ana! Neçə övladı olursa olsun, hamısı canımdan bir parça deyib əl açıb Allaha əmanət edəndir Ana!

Ümumilli Lider Heydər Əliyevin dediyi kimi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, xalqına olan hədsiz məhəbbəti gözəlliyi və Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır”.

Qadınlar bir gün deyil hər gün xatırlanmalıdır. Qadın anadır, qadın cənnətdir, qadın çiçəkdir, qadın şeirdir, qadın nəfəs aldığımız dünyadır, cənnətə gedən yoldur, dünyanın günəşidir. 8 Mart dünya  qadınlar bayramınız mübarək! Dünya qadınla gözəldir!

Sahilə CƏFƏRLİ

Naxçıvan Dövlət Universitetinin Filologiya fakultəsinin tələbəsi