Gənclərin hüquqi savadlılığı sosial aktivlik və dinamik inkişafın əsas mexanizmidir
Hüquqi savadlılığa ədalət anlayışını, qanunun aliliyini, hüquqi prinsipləri və insan hüquqlarının müdafiəsinin əhəmiyyətini dərk etməyi özündə ehtiva edən geniş aspektli bir platforma kimi baxmaq olar. Fikrimcə, hüquqi biliklərə malik olmaq isə yalnız qanunları oxuyub onları tətbiq etmək deyil, eyni zamanda insanların hüquqlarını bilmək, qorumaq və vəzifələrini dərk etmək baxımından çox əhəmiyyətlidir. Bu baxımdan hər bir gəncin hüquq və vəzifələrini bilməsi, hüquqi prosedurları dərk etməsi və öz hüquqlarını müdafiə edə bilməsi kimi bacarıqlar hüquqi savadlılığın əsasını təşkil edir, desək yanılmarıq.
Gənclər üçün hüquqi savadlılıq, hüquqi biliklərinin artırılması onların cəmiyyət və dövlət qarşısında daha məsuliyyətli, inamlı və təşəbbüskar vətəndaş kimi formalaşması üçün əvəzolunmazdır. Həmçinin hüquqi savadlılığı gənclərin sosial aktivliyinin mühüm dayağı kimi də dəyərləndirə bilərik. Hüquqlarını bilən və onları müdafiə etməyi bacaran gənc həm öz şəxsinin, həm də cəmiyyətin inkişafına töhfə verməyə daha çox səy göstərir və uğurlu olur. Zəngin hüquqi biliklər gənclərin sosial mühitlərdə, müxtəlif istiqamətli layihələrdə, yerli və beynəlxalq səviyyəli tədbirlərdə, ictimai hərəkatlarda və könüllülük fəaliyyətlərində həm özünümüdafiələrini gücləndirir, həm də dinamik inkişafı təmin edir.
Təəssüf ki, bütün gənclərin kifayət qədər geniş hüquqi savadlılığının olmaması günümüzün aktual problemlərindən biridir. Qanunlardan xəbərsiz olmaq onların hüquqlarının pozulmasına və gündəlik həyatda haqsızlıqlarla qarşılaşdıqları zaman doğru addım ata bilməmələrinə səbəb olur. Misal üçün: Qeyri-qanuni iş şəraitində çalışan, əmək hüquqlarını bilməyən gənclər və ya internet vasitəsilə alış-veriş, digər onlayn xidmətlərdən istifadə edən gənclər istehlakçı hüquqları ilə bağlı tez-tez hüquqi çətinliklərlə üzləşirlər və s. Normal olaraq, bu problemlər yalnız şəxsi səviyyədə deyil, cəmiyyətin ümumi hüquq sisteminə də ciddi təsir edir. Bu kimi problemlərin həlli üçün maarifləndirmə işlərinin aparılması zərurət təşkil edir. Məsələn Ali təhsil müəssisələrində yalnız hüquq fakültəsində oxuyan tələbələr üçün deyil, digər ixtisaslarda təhsil alan gənclər üçün də həftədə bir yaxud iki dəfə hüquq dərslərinin tədrisi, bu dərslərdə insan hüquqları, ümumi hüquqi anlayışlar, vətəndaşın hüquq və vəzifələri kimi mövzuların keçirilməsi gənclərin hüquqi savadlılığının artırılmasında faydalı ola bilər. Eyni zamanda, son illərdə müxtəlif dövlət və qeyri-hökumət təşkilatları (QHT-lər), könüllülük hərəkatları tərəfindən gənclər üçün hüquqi maarifləndirmə proqramları, ictimai maarifləndirmə kampaniyaları həyata keçirilir. Bu layihələr vasitəsilə təşkil olunan hüquqi seminarlar, panel sessiyalar və interaktiv təlimlərdə yalnız hüquq fakültəsində təhsil alan tələbələr deyil digər gənclərin də iştirakı üçün şərait yaradılması hüquqi maarifləndirmə prosesinə yaxından dəstək olar.
Bildiyimiz kimi texnologiyaların günümüzə sürətlə axın etdiyi bu dövrdə gənclərin əksər hissəsi vaxtlarını sosial şəbəkə platformalarında keçirməyə, əylənərək öyrənmək, audiovizual şəkildə yeni biliklər əldə etməyə üstünlük verirlər. Gənclər üçün lazım olan hüquqi məlumatları, hüquqi maarifləndirməni onların maraqlandığı sosial platformalar vasitəsilə təqdim etmək daha əlçatan və əsas hərəkətverici qüvvə olar. Hüquqi savadlı gənclərin uğurlu addımlarını sağlam gələcəyə, dinamik inkişafa təsir edən əsas faktor kimi qiymətləndirə bilərik. Bu zaman gənclər daimi inkişafda daha məqsədyönlü addımlar atar, hüquqi çərçivələri bilməklə özlərini müxtəlif təhlükələrdən və risklərdən qoruya bilərlər.
Yekun olaraq deyək ki, gənclər hər hansı sahədə addım atmadan əvvəl diqqətli olmalı, hüquqşünaslarla məsləhətləşməli, hüquqi biliklərə yiyələnməlidirlər. Bu yolla ölkəmizdə həm hüquqi savadlılıq artar, həmdə gənclər cəmiyyətdə, ictimai müzakirələrdə daha fəal təmsil olunar, qanunların tənzimlənməsində və sosial problemlərin həllində öz mövqelərini özgüvənli şəkildə ifadə edərlər. Unutmayaq ki, gənclərdə hüquqi savadlılığın artırılması yalnız onların fərdi inkişafına deyil, bütövlükdə bir cəmiyyətin gələcəyinin tərəqqisinə xidmət edən əsas mexanizmdir. Bu sahədə maarifləndirilmiş, aktiv və məlumatlı gənclər yaranan ictimai problemlərə biganə qalmır və gələcək nəsillərə güclü bir hüquqi sistem ötürürlər. Gənclərin hüquqi biliklərinin zənginliyi, sosial fəallığı və dinamik inkişafı davamlı inkişaf edən bir cəmiyyətin özəyini təşkil edən əsas mexanizmdir.
Bəhriyyə HÜSEYNLİ
Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi