Adın şərəflidir sənin, ey qadın!

Adın şərəflidir sənin, ey qadın!

08 Mart 2025

Adı hər zaman şərəf və iftixarla çəkilən qadına Tanrı ən xoşbəxt cəhətləri bəxş etmişdir.

“Аdın şərəflidir sənin, еy qаdın,

Dаhilər аnаsı çаğrılır аdın”, –  deyən Səməd Vurğun bu misralarla  Azərbaycan qadınının əsl portretini yaratmışdır. Azərbaycan qadınının tarix salnaməsində özünəməxsus yeri vardır. Azərbaycan qadınının ruhuna, qanına Tomris ədaləti, Sara Xatun siyasəti, Məhsəti döyüşkənliyi, Natəvan səxavəti və xeyirxahlığı, Heyran xanım həsrəti hopub. Təbiətin ecazkar gözəlliklərini sirli-sehrli rəssam təxəyyülü ilə ağ kətanlara nəqş edən Maral Rəhmanzadə, dərin mənalı, könül oxşayan, incə ruhlu şeirləri ilə yaddaşlara həkk olunan Məhsəti Gəncəvi, hər misrasına həsrət yağışı çilənən Heyran xanım, səxavəti ilə millətinin yoluna maarif ziyası yayan Xurşidbanu Natəvan, yaradıcılıqları ilə ürəkləri ovsunlayan Mirvarid Dilbazi, Nigar Rəfibəyli və yüzlərlə belə qadınlarımız öz yaradıcılıq ilhamları sayəsində elə uca zirvələr fəth ediblər ki, yüz illər keçsə də, əsərləri təzə-tər qalacaqdır.

Ülvilik, zəriflik və gözəllik rəmzi olan, qadın adını hər zaman uca tutan qadınlarımızı xalqımız həmişə sevib, ehtiram göstərib. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, dərin zəkası və mətin iradəsi ilə seçilmiş, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanması, zənginləşdirilməsi və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Azərbaycan qadını bəşəriyyətə  ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, müdrik siyasi xadimlər bəxş etmişdir. Azərbaycan qadınının  füsunkar gözəlliyi ülviyyət çələngi, ilahi nurdan yoğrulmuş ismət dəryasıdır. Azərbaycan qadını, yeri gələndə, Vətəninin azadlığı üçün bu ülviyyəti qılınca çevirməyə, döyüş paltarı geyinərək  Azərbaycan oğulları ilə çiyin-çiyinə döyüşüb Vətən torpaqlarını yağı düşmənin tapdağından azad etməyə qadirdir.

Zəkalı, nəcib və xeyirxah qadınlarımızın yaradıcılığında tərənnüm olunan humanizm, qayğıkeşlik, insanpərvərlik və vətənpərvərlik kimi ali keyfiyyətlər onların zərif könüllərindən süzülüb gələn, yaşam tərzlərində cilalanan saf hisslər, pak duyğulardır. Bəlkə də buna görədir ki, incə ruhlu, şair təbiətli ana və nənələrimiz öz kədər və qüssələrini zaman-zaman könül oxşayan şeirə, həzin bayatıya, fəryad dolu ağıya çevirmişlər.

Azərbaycan qadınlarının tariximizin qəhrəmanlıq salnaməsində də öz adı, öz şöhrəti, öz şərəfli yeri vardır. “Kitabi-Dədə Qorqud” dastanında  Salur Qazan Şöklü Məliyin üstünə gedərkən ondan oğlu Uruzu, həyat yoldaşı Burla Xatunu, var-dövlətini deyil, yalnız anasını qaytararsa, vuruşmadan qayıdıb gedəcəyini söyləyir. Dastanın dördüncü boyunda Salur Qazan oğlu Uruzu əsirlikdən qurtarmağa gedərkən onun  köməyinə  xanımı Burla Xatun gəlir. Koroğlunun sədaqətli həyat yoldaşı Nigar xanım, Qaçaq Nəbinin silahdaşı Həcər xanım da xalqımızın iftixarıdır. Makedoniyalı İsgəndərə meydan oxuyan müdrik hökmdar Nüşabə, torpaqlarını və xalqını əsarətdən xilas edərək İran hökmdarı Kiri öz qanında boğan Tomris, tədbirli dövlət xadimləri – Sara Xatun, Tutu Bikə, ağıllı məsləhətləri ilə öz xalqını İran şahı Fətəli şah Qacarın qəzəbindən qurtaran Ağabəyim ağa da tarixdə ad-san qazanıbdır.

XX əsrin əvvəllərindən başlayaraq bütün sahələrdə olduğu kimi, Azərbaycan qadınlarının həyatında, dünyagörüşündə də ciddi dəyişikliklər baş verdi və qadın azadlığı geniş vüsət almağa başladı. XIX əsrin sonlarında təkcə xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin Bakıda açdığı qız məktəbi fəaliyyət göstərirdi. XX əsrin əvvəllərində isə bu məktəblərin şəbəkəsi getdikcə genişlənməyə başladı. XX əsrin sonlarında isə Azərbaycan qadını artıq milli dövlət qurucu­luğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq respublikamızın sosial-iqtisadi, elmi-mədəni potensialının artırılmasına əvəzsiz töhfələr verirdi. Daha sonra ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli Fərmanı və ölkə Prezidenti cənab İlham Əliyevin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi haqqında 10 oktyabr 2006-cı il tarixli Fərmanı Azərbaycanda qadınların hərtərəfli inkişafında, həmçinin ölkədə gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsində əhəmiyyətli rol oynadı.

Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən etibarən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Bu mənada, ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında dediyi fikirlər olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.

Bu gün qadınlar xüsusən təhsil və səhiyyə sistemində dolğun fəaliyyətləri ilə XX əsrdə  yaşayıb-yaradan, böyük xidmətlər  göstərən maarifpərvər qadın ziyalılarımızın ideyalarını müvəffəqiyyətlə həyata keçirirlər. Cəmiyyətimizdə qadının artan nüfuzu və hazırkı yüksək ictimai mövqeyi Azərbaycanın müasir həyatının güzgüsüdür. Müasir Azərbaycan qadını indi nəinki ictimai-siyasi həyatda, elm, təhsil, mədəniyyət, dövlət quruculuğu və hərbi sahələrdə kişilərlə bərabər çalışır, eyni zamanda dünya miqyasında xalqımızı layiqincə təmsil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları, tariximizin hər bir mərhələsində olduğu kimi, bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq Vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər”.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla həyata keçirilən dövlət qadın siyasəti bu gün yüksələn xətt üzrə, uğurla aparılır. Ölkə başçısı cənab İlham Əliyev hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, fərqlənən qadınlarımız orden və medallarla təltif edilirlər.

Dövlət qadın siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında da  uğurla həyata keçirilir. Muxtar respublikamızda yaşayan qadınlar yeni ictimai münasibətlər sisteminin, demokratiya və bazar iqtisadiyyatının, habelə sosial ədalət prinsiplərinin bərqərar olduğu cəmiyyətimizdə həm sosial varlıq, həm də vətəndaş kimi yüksək hüquq və azadlıqlara malikdirlər. Onlar öz bilik və bacarıqlarını yeni nəslin təlim-tərbiyəsinə və cəmiyyətin inkişafına sərf edirlər.

Bu gün Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan qadınların sayı kişiləri üstələmişdir. Yüksək ixtisaslı qadınlar tarixən kişi peşəsi hesab edilən hüquq-mühafizə, məhkəmə və digər orqanlarda da xalqa ləyaqətlə xidmət edir, elm və texnika sahələrində fəaliyyət göstərir, nailiyyətlər qazanırlar. Muxtar respublikamızda uğurla həyata keçirilən dövlət qadın siyasətinin nəticəsidir ki, qadınlarımız istər icra, istərsə də qanunverici hakimiyyətdə geniş təmsil olunur, yüksək və məsul vəzifələrə irəli çəkilirlər.

Dünyada qloballaşma prosesinin getdiyi bir vaxtda gənc nəslin tərbiyəsində, milli-mənəvi və ailə dəyərlərimizin qorunub-saxlanmasında qadınlarımızın rolu müstəsna dərəcədə artmışdır. İnanırıq ki, Azərbaycan qadınları, bütün zamanlarda olduğu kimi, bundan sonra da adət-ənənələrimizi, ailə dəyərlərimizi yaşatmaq, ictimai fəaliyyətləri ilə muxtar respublikamızın inkişafına, onun çiçəklənməsinə öz töhfələrini vermək əzmində olacaqlar.

Azərbaycanın inkişafı yolunda yorulmadan çalışan bütün xanımları, xüsusən şəhid ana və bacılarını, həmçinin başımızın tacı olan analarımızı qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, onlara  gözəl və mənalı həyat arzulayırıq.

Qafar QƏNBƏROV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı