
Naxçıvan idmançılarından 2025-ci ildə uğurlu start: 46 medal qazanılıb
Naxçıvan idmançıları 2025-ci ilə uğurlu nəticələrlə başlayıb. Ölkə birincilikləri və beynəlxalq turnirlərdə çıxış edən təmsilçilərimiz indiyədək 19 qızıl, 13 gümüş və 14 bürünc olmaqla, ümumilikdə 46 medal əldə ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 2025-ci ildə 12 idmançımız ölkə birincisi, 1 idmançımız isə beynəlxalq turnirin qalibi olub. Xüsusilə olimpiya idman növlərində uğurlar diqqət çəkir. Belə ki, boksçularımız Haxverdi Həsənov və Turqay Abbasov, atletlərimiz Əmrah Nağıyev və Namiq Babayev ölkə çempionu adına layiq görülüblər. Bununla yanaşı, MMA, pankration və qrepplinq idman növlərində 8 idmançımız birincilik qazanıb.
İdmançıların beynəlxalq yarışlarda iştirakı və yüksək nəticələr əldə etməsi dövlətin bu sahəyə göstərdiyi dəstəyin nəticəsi kimi qiymətləndirilir. Nazirlik qanunvericiliyə uyğun olaraq, idmançıların yarış təcrübəsi qazanmasına və inkişafına hərtərəfli şərait yaradır. Mütəxəssislər hesab edirlər ki, bu amil ümumi nailiyyətlərə müsbət təsir göstərir və idmanda yeni uğurların əldə olunmasına zəmin yaradır.