Naxçıvanda məşqçi, idmançı və idman xadimləri mükafatlandırılıblar - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin "İdman həftəsi" proqramına uyğun olaraq 5 Mart – Bədən Tərbiyəsi və İdman Günündə idman ictimaiyyəti ilə görüş keçirilib, mükafatlandırma təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Şahmat Mərkəzində reallaşan tədbirdə gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra olunan idman siyasətindən söz açıb, Azərbaycanın nüfuzlu idman ölkəsi kimi qazandığı etimad və uğurlardan danışıb. Ölkəmizin bu il III MDB Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminlik ifadə olunub.
Nazir müavini dövlət idman siyasətinin tərkib hissəsi kimi muxtar respublikada da bədən tərbiyəsi və idmanın inkişafına xüsusi önəm verilir. Bu sahədə bir sıra işlər görülmüş, xüsusən də idman xidmətlərinin keyfiyyətini artırmaq, məşqçi və idmançıların peşəkar inkişafına dəstək olmaq, gənc nəsli və ümumilikdə əhalini sağlam həyat tərzinə təşviq etmək üçün davamlı fəaliyyətlər icra olunmuşdur. İdman fəaliyyətləri üçün vacib sayılan infrastruktur layihələrinin icrasına diqqət artırılmışdır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”, eləcə də “Sağlam məhəllə” və digər idman infrastrukturu layihələri, investisiyalar əsasındakı planlar onu deməyə əsas verir ki, 2025-ci ilin sonuna kimi muxtar respublikanın bütün bölgələrində əhalinin idmanla məşğul olması üçün yeni və əlverişli baza formalaşdırılması ilə bağlı işlər görüləcək.
Naxçıvan idmançılarının ötən il dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda 72-i qızıl, 71-i gümüş, 58-i bürünc medal olmaqla ümumilikdə 201 medal qazanılması ilə bərabər, cari ildə bu göstəricinin 46 medal olması amili davamlı dövlət dəstəyi, məşqçi və idmançıların peşəkar hazırlığı və inkişaf dinamikası ilə əlaqələndirilib.
Gələcək perspektivdə idmanın inkişafı üçün görüləcək işlər barədə fikirlərini bölüşən Məcid Seyidov sonda məşqçi, idmançı və idman xadimlərinə mükafatları təqdim edib. Tədbir iştirakçıları ilə xatirə fotosu çəkililib.