
Azərbaycan-Pakistan münasibətləri müasir beynəlxalq münasibətlər sistemində nümunəvi dostluq, qardaşlıq və əməkdaşlıq modelidir
Dünya diplomatiyasında elə münasibətlər var ki, zaman və siyasi proseslər bu əlaqələrin möhkəmliyinə heç vaxt kölgə sala bilmir. Əksinə, qarşılıqlı münasibətlər sadəcə diplomatik protokollar, siyasi bəyanatlar çərçivəsində deyil, qəlblərin, tarixlərin və ortaq dəyərlərin vəhdətindən güc alan dostluq, qardaşlıq və strateji əməkdaşlıq nümunəsinə çevrilir. Bu qəbildən Pakistan-Azərbaycan münasibətləri həndəsi silsilə ilə qarşılıqlı hörmət, fədakarlıq və prinsipial mövqe kimi ali dəyərlər kontekstində hər keçən gün daha da inkişaf edir.
Sözsüz ki, haqqında danışdığımız bu münasibətlər yaxın tarixin məhsulu deyil, bu, ötən əsrdən başlayaraq öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən, xalqlararası təmaslarla təməli atılan böyük tarixi prosesin nəticəsidir. Hələ XX əsrin əvvələrində dünyaca məşhur Azərbaycanlı xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyev tərəfindən Britaniya müstəmləkəsi altında olan Pakistan ərazisində yayılmış yoluxucu xəstəliklə mübarizə məqsədilə 300 min ampula zərdabın göndərilməsi xalqlar arasında dostluq və qardaşlıq körpülərini salan əsas addım olmuşdu. Təsadüfi hal deyil ki, bu addım pakistanlıların ürəyinə yol tapmış, 1947-ci ildə Pakistanın müstəqilliyini elan etməsilə bütün tədris vəsaitlərinə, dərsliklərə əlavə edilmiş və ən əsası xalqlar arasında olan dostluq və qardaşlığın simvolu halına gəlmişdi.
Pakistan-Azərbaycan münasibətləri bu gün də strateji əməkdaşlıq kontekstində ardıcıl və dinamik şəkildə inkişaf etməkdədir. Bu istiqamətdə ilk rəsmi addım 1991-ci il dekabrın 12-də Pakistanın qardaş Türkiyə Respublikasından sonra Azərbaycanın dövlət müstəqilliyini tanıması ilə atılmış və iki dövlət arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-dan etibarən təsis edilmişdi. Bu, təkcə iki ölkənin siyasi münasibətlərinin rəsmi başlanğıcı deyil, həm də ortaq tarixi keçmişə və mədəni bağlılığa əsaslanan münasibətlərin yeni mərhələyə qədəm qoymasının göstəricisi olmuşdur. Beləliklə, Pakistan-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək regional və beynəlxalq siyasətdə mühüm aktorların birliyi kimi diqqət mərkəzinə çevrilmişdir.
Diplomatik əlaqələrin institusional bazası qarşılıqlı səfirliklərin açılması ilə möhkəmləndirilmişdir. Belə ki, 1992-ci ildə Bakıda Pakistanın səfirliyi təsis olunmuş, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi fəaliyyətə başlamışdır. Diplomatik münasibətlərin rəsmi təşkili iki dövlətin geosiyasi maraqlarını uzlaşdırmaqla yanaşı, ikitərəfli əməkdaşlıq üçün möhkəm hüquqi və siyasi zəmin yaratmış, regionda və dünyada gələcək perspektivlərin birgə müəyyən olunması istiqamətində əsaslı dönüş yaratmışdı. Pakistanın Azərbaycanda diplomatik təmsilçilik açan ilk dövlətlər sırasında olması ikitərəfli münasibətlərin fundamental xarakterini və qarşılıqlı siyasi iradəni nümayiş etdirməklə bərabər, dövlətlərarası etimadın və strateji bağlılığın nümunəsinə çevrilmişdir.
İki ölkə arasındakı siyasi və diplomatik münasibətlərin növbəti mərhələsi Ermənistan-Azərbaycan arasındakı Keçmiş Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstək əsasında formalaşmışdır. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasında 822 saylı qətnamənin qəbul edilməsi zamanı Pakistanın Şuraya sədrlik etməsi bu ölkənin Azərbaycanın haqq işinə verdiyi prinsipial və ardıcıl dəstəyin bariz nümunəsi oldu. Bu hadisə təkcə diplomatik jest deyil, həm də beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinin müdafiəsində Pakistanın qətiyyətli iradəsini və regionda sabitliyin bərqərar olmasına verdiyi töhfəni ortaya qoymuşdu. Bu addımı iki ölkənin strateji münasibətlərinin beynəlxalq səviyyədə dəstəklənməsinin və qarşılıqlı siyasi həmrəyliyin təzahürü kimi qiymətləndirən Ulu Öndər Heydər Əliyev deyirdi:
“Pakistan Azərbaycana Ermənistan tərəfindən edilən hərbi təcavüzü daim pisləyibdir və dünən, srağagün apardığımız danışıqlarda da Pakistanın prezidenti, baş naziri öz bəyanatlarında Ermənistanın təcavüzkar olduğunu, Azərbaycana təcavüz etdiyini bir daha bildirdilər və bu təcavüzü pislədilər. Mən buna görə onlara çox minnətdaram.”
Unutmamaq lazımdır ki, qarşılıqlı rəsmi səfərlər və görüşlər bu münasibətlərin strateji xarakterini gücləndirən əsas faktorlardan biri oldu. 1995-ci ilin oktyabrında Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər edərək Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokolu imzalamışdı. Ardınca, 9 aprel 1996-cı ildə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev Pakistana rəsmi səfər etmiş və iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığa dair 9 mühüm sənəd imzalanmışdı. Bu səfərlər təkcə protokol xarakteri daşımamış, strateji əməkdaşlığın praktik istiqamətlərini müəyyən edərək iqtisadi, hərbi və enerji sahələrində konkret layihələrin icrasına təkan vermişdi. Xüsusilə, hərbi əməkdaşlıq sahəsində imzalanan razılaşmalar iki ölkənin müdafiə strategiyalarının uzlaşdırılması və regionda təhlükəsizliyin təmin olunmasına yönəlmiş ortaq fəaliyyət planlarının formalaşmasına şərait yaratmışdı.
Təqdirəlayiq haldır ki, ötən dövr ərzində Azərbaycan-Pakistan münasibətlərinin formalaşması təkcə ikitərəfli əlaqələr çərçivəsində deyil, eyni zamanda beynəlxalq təşkilatlar müstəvisində də həmrəylik prinsipi əsasında inkişaf etmişdir. Ulu Öndər Heydər Əliyev Kəşmir məsələsinin müzakirəsində Azərbaycanın hər zaman Pakistanın mövqeyini müdafiə etdiyini vurğulamış, Hindistanın işğalçı siyasətini açıq şəkildə pisləmişdi. Ulu Öndər 1996-cı ildə Pakistan Televiziyasına verdiyi müsahibə zamanı demişdi:
“Pakistan üçün çox mühüm olan Kəşmir problemi haqqında Azərbaycan Respublikası öz mövqeyini daim bildiribdir, yəni biz beynəlxalq təşkilatlarda, başqa lazımi səviyyələrdə Pakistanın bu barədə haqq-ədalət işini, Kəşmir problemi ilə əlaqədar olaraq onun mövqelərini daim müdafiə etmişik və bu gün də müdafiə edirik. Mən həm cənab prezidentlə görüşəndə, həm də hörmətli baş nazir ilə görüşəndə bu barədə öz bəyanatlarımı vermişəm. Kəşmirdə insan hüquqlarının pozulmasını biz qətiyyətlə pisləyirik və buna öz etirazımızı bildiririk.”
Bu baxımdan, Azərbaycan və Pakistan arasında mövcud olan siyasi həmrəylik beynəlxalq münasibətlər sistemində nümunəvi əməkdaşlıq modeli kimi qiymətləndirilir.
İki dövlət arasında 2002-ci ildə imzalanmış Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın institusional əsasları atdı. Bu əməkdaşlıq təkcə hərbi sferalarla məhdudlaşmayaraq, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə siraət edərək inkişaf etdi. Eyni zamanda, iqtisadi münasibətlər sahəsində enerji sektorunda birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı sərmayə qoyuluşu iki ölkənin iqtisadi potensialının inkişafına şərait yaratdı.
Bu gün Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq özünəməxsus xüsusiyyətləri ilə seçilir. Sözsüz ki, bu münasibətlər iki dövlətin geosiyasi maraqları ilə yanaşı, xalqlarımızın dostluğunun və qardaşlığının parlaq təcəssümüdür. Bu gün rahatlıqla qeyd etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Pakistan-Azərbaycan münasibətləri zamanın sınağından keçmiş, möhkəm siyasi iradə və xalqların qarşılıqlı dəstəyi əsasında daha da güclənərək strateji əməkdaşlıq modelinə çevrilmişdir. Çünki, tarix göstərdi ki, cənab Prezident İlham Əliyevin siyasi kursu ölkənin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq hüququn qorunması prinsipinə dayanan güclü bir xarici siyasət platformasına çevrilmiş, bu platforma Azərbaycanın beynəlxalq münasibətlərdə fəal iştirakını təmin etməklə yanaşı, Pakistan ilə əlaqələrin inkişafına da mühüm təkan vermişdir. Bu qəbildən Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin 24 fevral 2025-ci il tarixli növbəti rəsmi səfəri xüsusi vurğulanmalıdır. Səfər zamanı imzalanan memorandumlar bir daha sübut etdi ki, Azərbaycan-Pakistan əlaqələri yalnız diplomatik səviyyədə deyil, həm də iqtisadi, hərbi və mədəni sahələrdə sistematik şəkildə inkişaf etdirilir. Bu münasibətlərin təməlində hər iki ölkənin milli maraqlarının uyğunlaşması, qlobal geosiyasi dəyişikliklərə adekvat cavab verilməsi və çoxşaxəli diplomatiya əsasında həmrəyliyin gücləndirilməsi dayanır. Azərbaycanın enerji sahəsindəki mövqeyi ilə Pakistanın enerji ehtiyacları arasındakı qarşılıqlı maraqlar bu sahədəki əməkdaşlığın davamlı inkişafına zəmin yaradır. Cənab Prezidentin bu sahədə apardığı siyasət yalnız Azərbaycanın iqtisadi potensialını artırmaqla kifayətlənmir, həm də Pakistanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu cür əməkdaşlıq yalnız ikitərəfli münasibətləri deyil, həm də regional enerji bazarında hər iki ölkənin strateji mövqeyini gücləndirərək qlobal enerji şəbəkəsindəki təsir güclərini artırır.
Mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat, neft sektoru, gömrük xidməti, iqlim müxtəlifliyinə qarşı birgə mübarizə, qida təhlükəsizliyi və digər sahələri özündə birləşdirən 10-dan artıq memorandumun imzalandığı bu tarixi səfərin bir digər əhəmiyyəti özünü “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nda göstərir. Bu memorandumun Pakistan-Azərbaycan əlaqələrinin yeni mərhələsi olması ilə yanaşı, memorandumunun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” dövrünə təsadüf etməsi cənab Prezidentin Naxçıvan Muxtar Respublikasına göstərmiş olduğu diqqət və qayğının növbəti nümunəsidir.
Nəticə olaraq qeyd etmək lazımdır ki, Azərbaycan-Pakistan münasibətləri yeni reallıq və çağırışlar müstəvisində ortaq keçmişdən ortaq gələcəyə doğru daha inamlı, daha tədbirli və daha güclü şəkildə addımlayır. Siyasi, iqtisadi, hərbi-müdafiə, humanitar və mədəni, energetika, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil və digər sahələrdə imzalanan sənədlər sözsüz ki, bu sahələr arasındakı əlaqələrin inkişafına yeni impuls verəcək, həmçinin ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını təmin edəcəkdir. Bu mənada, Azərbaycan-Pakistan münasibətləri gələcək üçün böyük potensial, uğurlu perspektiv vəd edir.
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti
Tələbə Elmi Cəmiyyətinin sədri