Dövlət hakimiyyətinin yeganə mənbəyi -

Dövlət hakimiyyətinin yeganə mənbəyi - Xalq

04 Mart 2025

Azərbaycanın geniş, keşməkeşli və zəngin tarixi var. Xüsusilə 1990-cı illərdə ölkəmiz müstəqilliyini əldə etdikdən sonra dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlətin əsaslarının yaradılması istiqamətində böyük işlər görüldü.

Bu prosesin ən vacib mərhələlərindən biri 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi oldu. Yeni Konstitusiyanın hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Konstitusiya Komissiyası yaradıldı. Komissiyaya Prezident özü sədrlik edirdi və onun tərkibinə müxtəlif sahələrdən nümayəndələr daxil edildi. İşçi qrupunun hazırladığı layihə ümumxalq səsverməsinə – referenduma çıxarıldı və 1995-ci il noyabrın 12-də beş bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiya qəbul olundu.


Bu sənəd müstəqil Azərbaycanın dövlət quruculuğunun hüquqi əsaslarını müəyyən etdi və xalq arasında "Heydər Əliyev Konstitusiyası" kimi tanındı. Konstitusiyada demokratik və hüquqi dövlət quruculuğu üçün əsas prinsiplər əks olunmuşdu.

Azərbaycan Respublikasının Konstitusiyasının 1-ci maddəsinə əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı ölkə ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarətdir.
Vətəndaşlıq anlayışı Konstitusiyanın 52-ci maddəsində təsbit edilib. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan vətəndaşlarından doğulan şəxs Azərbaycan Respublikasının vətəndaşı sayılır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs də ölkənin vətəndaşı hesab edilir.
Azərbaycan Respublikası müstəqil dövlətdir və bu, heç kim tərəfindən inkar edilə bilməz. Bu kontekstdə suverenlik anlayışına toxunmaq vacibdir.

Suverenlik – müstəqillik, dövlətin daxili və xarici siyasətini heç bir xarici təsir olmadan müəyyən etmək hüququdur. Tarixi aspektdən yanaşdıqda, suverenlik anlayışı XVI əsrdə fransız alimi Jan Boden tərəfindən işlədilib. O, suverenliyi “vətəndaşlar üzərində ən yüksək və davamlı güc” kimi izah edirdi.
Azərbaycan Respublikasının Konstitusiyasında xalqın suverenliyi 2-ci maddədə təsbit olunub. Maddədə deyilir ki, "Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur."

Bu dövlət və ictimai həyatın köklü məsələlərinin heç bir xarici təzyiq olmadan, azad iradə əsasında həll edilməsi, dövlət siyasətinin müstəqil müəyyən edilməsi və hakimiyyətin fəaliyyətinə nəzarət hüququ kimi başa düşülür.

Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqı yalnız seçilmiş səlahiyyətli nümayəndələr təmsil edə bilər. Bu nümayəndələrə Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisin deputatları daxildir. Heç kəs xalqın adından danışmaq və müraciət etmək hüququna malik deyil.
5-ci maddəyə əsasən, Azərbaycan xalqı vahiddir və bu vahidlik dövlətin təməlini təşkil edir. Azərbaycan Respublikasının bütün vətəndaşları üçün vətən bölünməzdir və onların birlikdə formalaşdırdığı bütövlük dövlətin əsas dayağıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi tarixi əhəmiyyət daşıyır. 2020-ci ildə əldə etdiyimiz tarixi qələbə, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyamızın bütün ərazilərdə hüquqi qüvvəsinin bərqərar olmasına səbəb oldu.
Azərbaycan Respublikasının Prezidenti 2024-cü ilin 19 sentyabr tarixində imzaladığı Sərəncamla sentyabrın 20-ni "Dövlət Suverenliyi Günü" elan etdi. 2025-ci ildə Konstitusiya və suverenliklə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi planlaşdırılır ki, bu da vətəndaşların hüquqi biliklərini daha da möhkəmləndirəcək.

Biz Azərbaycan Respublikasının vətəndaşları, Konstitusiyamızın, suverenliyimizin və müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün bütün gücümüzlə çalışmalıyıq. Dövlətimizin inkişafı üçün hər kəs öz sahəsində mühüm töhfələr verməlidir.
Məqaləni Ümummilli Lider Heydər Əliyevin sözləri ilə tamamlayırıq:

"Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir."

Nihat ƏSGƏRZADƏ

Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasının tələbəsi