
“ASAN” könüllülərlə maarifləndirici görüş keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Rəqəmsal dövrdə insan alveri və sosial mediada risklər: Hüquqlarımız və məsuliyyətlərimiz” mövzusunda “ASAN” könüllülər üçün maarifləndirici görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, nazirliyin əməkdaşları Rüqəyyəxanım Qəribzadə və Kənan Hüseynəliyev insan alverinin onlayn üsulları, saxta iş elanları, rəqəmsal hüquqlar nədir və onların qorunması yolları, o cümlədən rəqəmsal maarifləndirmənin əhəmiyyəti, sosial mediada risklər və fərdi məlumatların təhlükəsizliyi haqqında video materiallar əsasında məlumatlar veriblər.
Bildirilib ki, son dövrlərdə informasiya əldə etmək üçün ən çox istifadə edilən sosial şəbəkələr və mobil telefonlar gündəlik həyatda bir çox asanlaşdırıcı effektlərlə yanaşı, maliyyə fırıldaqlarının, saxta iş təkliflərinin həyata keçirilməsində ən mühüm vasitələrindən birinə çevrillib.
Vurğulanıb ki, rəqəmsal texnologiyaların faydaları ilə yanaşı, fərdi və sosial sahədə mənfi nəticələri də var. Belə ki, bəzi sosial media platformalarının alqoritmlərini aldatmaqla, o cümlədən botlardan və saxta hesablardan istifadə etməklə sosial şəbəkələr və mobil telefonlar vasitəsilə vətəndaşlara müxtəlif şirkətlərin adından sərfəli iş təklifləri haqqında saxta məlumatlar verilir. Bu cür risklərin qarşısını almaq üçün gənclər, o cümlədən uşaqlar və yeniyetmələr elektron platformalardakı əhdidlərə qarşı daha diqqətli olmalı, eləcə də, sosial media və platformaların təhlükəsizlik ayarlarından istifadə etməli, rəqəmsal savadlılığı artırmalıdırlar.
Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.