
Naxçıvan və Ordubad şəhərlərində vergi ödəyiciləri ilə görüşlər keçirilib - FOTO
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyevin iştirakı ilə Naxçıvan və Ordubad şəhərlərində vergi ödəyiciləri ilə görüşlər keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin və bu istiqamətdə təkliflərinin öyrənilməsi məqsədilə keçirilmiş görüşlərdə kiçik, orta və iri sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.
Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev baş idarənin yaradılmasında əsas məqsədin vergi ödəyicilərinin hüquqlarının qorunması üçün preventiv tədbirlərin görülməsi olduğunu bildirib və bu sahədə səmərəliliyin artırılması üçün həyata keçirilən tədbirlər barədə danışıb.
Baş idarənin şöbə rəisi Məmməd Quliyev vergi ombudsmanı institutu və baş idarənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, vergi ödəyicilərinin hüquqlarının pozulmaması, pozulmuş hüquqların bərpası məqsədilə təhlillərin aparılması, iş proseslərinin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi, müvafiq təklif və tövsiyələrin hazırlanması, şikayətlərin yaranma səbəblərinin araşdırılaraq qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və müvafiq sahədə vergi siyasətinin formalaşdırılması strukturun əsas məqsədlərinə daxildir.
Görüşlər zamanı Dövlət Vergi Xidmətinin internet saytında yeni yaradımış “Vergi ombudsmanı” bölməsinin təqdimatı keçirilib. Bölmədə vergi ombudsmanının fəaliyyəti və strukturu, eləcə də ombudsmana müraciət qaydaları barədə məlumatların qeyd olunduğu bildirilib.
Sahibkarlar vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı fikirlərini, suallarını və təkliflərini səsləndiriblər.
Bununla yanaşı, Naxçıvan və Ordubad şəhərlərində keçirilmiş görüşlər zamanı tədbirlərdən öncə vergi orqanlarına edilən müraciətlərə dair sahibkarlar arasında real rejimdə keçirilmiş sorğunun nəticələri müzakirə edilib, əlavə interaktiv sorğular aparlıb, iştirakçılara fikirlərini anonim formada çatdırmaq imkanı yaradılıb.
Xatırladaq ki, Vergi ombudsmanı institutu vergi ödəyicilərinin hüquqlarını qorumaq məqsədi ilə 2019-cu ildə təsis olunub. 2024-cü ilin aprelindən isə DVX-nin tərkibində Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb.