Pərviz Şahbazovla  Sunniya Durrani-Camal arasında görüş keçirilib

Pərviz Şahbazovla Sunniya Durrani-Camal arasında görüş keçirilib

13 Mart 2025

Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (ADB) arasında prioritet enerji layihələri üzrə əməkdaşlıq müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" nazirliyə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovla ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal arasında görüşdə müzakirələr aparılıb.

Görüşdə ADB ilə enerji sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Bərpa olunan enerji sahəsində, xüsusilə günəş enerjisi və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələrində Bankın dəstəyi yüksək qiymətləndirilib. Enerji gündəliyinin prioritet məsələləri müzakirə edilib.

Azərbaycanla Qazaxıstan və Özbəkistanı əlaqələndirən “yaşıl enerji” infrastrukturu, habelə fiber-optik komponent (FOC), dəniz külək enerjisinin istehsalı və ötürülməsi, habelə sahil infrastrukturunun qurulması ilə bağlı görülən işlər və qarşıdakı planlar diqqətə çatdırılıb. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı üç ölkənin və ADB-nin iştirakı ilə planlaşdırılan görüşdən bəhs edilib.

Söhbət zamanı Bankla kiçik həcmli bərpa olunan enerji layihələri, şəbəkənin təkmilləşdirilməsi də daxil olmaqla bir çox istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib. Həmçinin istilik təchizatı sektorunun dekarbonizasiyası layihəsi üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib.

Bundan başqa, təbii qaz sektorunda müşahidə olunan inkişaf tendensiyaları və Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri ilə bağlı da fikir mübadiləsi aparılıb.