NDU-nun müəllimləri APTIS beynəlxalq səviyyəli ingilis dili imtahanında iştirak ediblər

NDU-nun müəllimləri APTIS beynəlxalq səviyyəli ingilis dili imtahanında iştirak ediblər - FOTO

14 Mart 2025

Naxçıvan Dövlət Universiteti müəllimləri üçün (NDU) artıq dörd aydır davam edən beynəlxalq layihə üzrə təlimlər yekunlaşıb. Layihə British Council, BP və Naxçıvan Dövlət Universitetinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb. Təlimlərdə universitetin ingilis dili müəllimləri və tədrisi ingilis dilində olan ixtisaslarda dərs deyən müəllimlər iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, proqrama uyğun olaraq müəllimlərin ingilis dili nəzəri bilikləri və tədris bacarıqları təkmilləşdirilib. Bu əsasda onların yazı, oxu, dinləmə, danışıq bacarıqları, söz ehtiyatı və qrammatika üzrə bilikləri qiymətləndirilib. Britaniya Konsulluğunun dörd təlimçisi nəzərdə tutulan dərslər əsaslı onlayn təlimlər keçib. 120 saatlıq onlayn təlimlər öncə 39 müəllimin iştirakı ilə başlanıb. Yekunda isə təlimləri uğurla tamamlayan 28 müəllim imtahanda iştirak hüququ qazanıb. 13-14 mart tarixlərində NDU-nun IELTS Mərkəzində yekun APTIS imtahanı keçirilib. Layihədə iştirak edən müəllimlərin ingilis dili biliyi qiymətləndirilib. 

Xatırladaq ki, 16 oktyabr 2024-cü il tarixində ilk olaraq təlimdə iştirak edəcək müəllimlər üçün APTIS diaqnostik testi keçirilib. APTIS ingilis dilinin qiymətləndirilməsi sahəsində ən son tədqiqatlara əsaslanan beynəlxalq səviyyəli ingilis dili təlimidir. NDU-da  Britaniya Konsulluğu təlimçiləri tərəfindən iştirakçılar üçün bir günlük üz-üzə vörkşop təşkil edilib və onlayn formatda başlanıb. Yekunda isə layihəni uğurla başa vuran müəllimlərə sertifikat təqdim ediləcək.