NDU-nun təsisçisi olduğu “IV Beynəlxalq İpək Yolu Konqresi” bu dəfə Antalya şəhərində baş tutub -

NDU-nun təsisçisi olduğu “IV Beynəlxalq İpək Yolu Konqresi” bu dəfə Antalya şəhərində baş tutub - FOTO

10 Mart 2025

7-9 mart  Türkiyə Respublikasının Antalya şəhərində Naxçıvan Dövlət Universitetinin təsisçisi olduğu “IV Beynəlxalq İpək Yolu Konqresi” keçirilib. Tədbir Naxçıvan Dövlət Universiteti və İKSAD-Türkiyənin birgə təşkilatçılığı ilə Bülent Ecevit Kültür Mərkəzində baş tutub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Konqresdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və İqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı iştirak ediblər. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, IV Beynəlxalq İpək Yolu Konqresinin fəxri sədri Elbrus İsayev açılış nitqi söyləyib.  

Rektor qeyd edib ki, Böyük İpək Yolu tarixi və mahiyyəti zəngin nəqliyyat dəhlizidir. Bu yol ticarətin və bazar münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm tarixi mahiyyət daşıyıb, ölkəmizin də iqtisadi və mədəni inkişafına öz müsbət təsirini göstərib. Rektor diqqətə çatdırıb ki, İpək Yolunun bərpası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında imzaladığı 1998-ci il 7 iyun tarixli sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb. Rektor Elbrus İsayev həmçinin tarixən strateji mövqedə yerləşən, beynəlxalq nəqliyyat dəhlizi kimi diqqətləri cəlb edən Naxçıvanın müasir dövrdə də Böyük İpək Yolu üzərində iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələlərində əhəmiyyətindən bəhs edib. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərini , müasir çağırışlarını nəzərə çatdırıb, “Türk qapısı” adlandırılan Naxçıvanın bu məsələdə xüsusi yer aldığını əlavə edib.

Konqres öz işini üz-üzə və onlayn keçirilən bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında 17 müxtəlif ölkədən 150-dən çox tədqiqatçı tərəfindən bir sıra mövzular üzrə 90-dək məruzə təqdim olunub. Sonda tədbir iştirakçılarına NDU-nun rektoru Elbrus İsayev tərəfindən plaketlər təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti tərəfindən təsis olunan və bu il dördüncüsü keçirilən Beynəlxalq İpək Yolu Konqresi ilk dəfə 2023-cü ildə Naxçıvanda, həmin ildə Türkiyənin Iğdır şəhərində, üçüncüsü isə 2024-cü ilin mart ayında Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilib.