NDU-da Azərbaycan Respublikası Hesablama Palatasının növbəti təlimi keçirilib - FOTO
Naxçıvan Dövlət Universitetinin magistr və bakalavr tələbələri üçün “Kənar dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsində risklərin müəyyən edilməsi” mövzusunda növbəti təlim təşkil olunub. Tədbirdə istehsal sferasında mühasibat uçotu, beynəlxalq iqtisadi münasibətlər ixtisasının magistrləri və mühasibat və maliyyə ixtisaslarının tələbələri iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin audit şöbəsinin müdiri Azim Abbasov maliyyə nəzarəti prosesində risklərin vaxtında müəyyən edilməsinin əhəmiyyəti haqqında ətraflı məlumat verib. O, dövlət maliyyə nəzarətinin əsas məqsədlərindən, audit prosesində rast gəlinən risk faktorlarından və onların idarə olunması yollarından bəhs edib. Azim Abbasov risk əsaslı yanaşmanın tətbiqinin dövlət və özəl sektorda şəffaflığın artırılmasına və maliyyə intizamının gücləndirilməsinə töhfə verdiyini bildirib.
Təlim interaktiv formada keçib və sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, 18 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, elmi-praktik əlaqələrin inkişaf etdirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübənin bölüşülməsi və digər istiqamətlərdə fəaliyyətlər nəzərdə tutulub. Bu əsasda ardıcıl olaraq aprel ayının 21-dək Hesablama Palatasının əməkdaşları universitetin tələbələri üçün müxtəlif mövzularda təlimlər keçəcəklər.