
Naxçıvan Dövlət Universitetində Dayanıqlı İnkişaf Mərkəzi açılıb - FOTO
Naxçıvan Dövlət Universitetində Dayanıqlı İnkişaf Mərkəzinin açılışı olub. Mərkəz NDU və “İstedad-XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) hazırlıq kurslarının birgə dəstəyi ilə yaradılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açılış mərasimində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və rəhbər heyət iştirak ediblər.
NDU-nun strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli mərkəz haqqında məlumat verib. Bildirib ki, Mərkəz dayanıqlı inkişafın 17 məqsədinin icrasına töhfə verməyi hədəfləyir. Bu əsasda texniki və pedaqoji elmlər üzrə yaşıl enerji, dayanıqlı şəhərlər, təmiz su, gender bərabərliyi, keyfiyyətli təhsil və sağlam həyat kimi istiqamətlərdə fəaliyyət göstəriləcək. Eyni zamanda universitetdə siyasət sənədlərinin və hesabatların hazırlanması, elmi tədqiqatların aparılması da Mərkəzin faəliyyətində nəzərdə tutulur.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, dayanıqlı inkişaf məqsədləri bütün elm sahələrini əhatə edir və bütün fəaliyyətimizin əsasını bu strategiya təşkil edir. Özəl dövlət tərəfdaşlığı ilə ərsəyə gələn bu yeni Mərkəz unversitet-sənaye işbirliyinin nümunəsidir. Yeni yaradılan mərkəz NDU-da dayanıqlı inkişaf prinsiplərinin təbliğinə və bu sahədə elmi araşdırmaların genişləndirilməsinə xidmət edəcək. Rektor Elbrus İsayev vurğulayıb ki, bu təşəbbüs düzgün və faydalı dəyərləndirilməlidir. İclaslar, tədbirlər Mərkəzdə keçirilməli, tələbə təşkilatlarının mərkəz ilə əlaqələri qurulmalı və müəyyənləşmiş hədəflərə uyğun digər fəaliyyətlər təşkil olunmalıdır.
Daha sonra NDU Dayanıqlı İnkişaf Mərkəzinin rəsmi internet saytı təqdim edilib. Saytda Mərkəz çərçivəsində dayanıqlı inkişafın savadlılığını artırmaq məqsədilə sorğular keçiriləcəyi, mütəmadi təlimlər təşkil olunacağı, tələbə klubları vasitəsilə maarifləndirmə işləri aparılacağı qeyd olunub. On əcnəbi tədqiqatçı ilə müqavilə imzalandığı və onlarla Mərkəzin tədqiqatçısı kimi qarşılıqlı fəaliyyətin qurulduğu, NDU əməkdaşları ilə birgə elmi araşdırmalar aparılacağı nəzərə çatdırılıb.
Sonda rektor Elbrus İsayev yeni Mərkəzin açılışı münasibəti ilə kollektivi təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.