Naxçıvan mədəniyyət nazirinin müavini və nümayəndə heyəti Beynəlxalq konfransda iştirak edir

Naxçıvan mədəniyyət nazirinin müavini və nümayəndə heyəti Beynəlxalq konfransda iştirak edir - FOTO

14 Mart 2025

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini və nümayəndə heyəti Beynəlxalq konfransda iştirak edir

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, martın 14-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

İki gün davam edəcək konfransda Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov və Naxçıvandan olan nümayəndə heyəti də iştirak edir. Qeyd edək ki, konfransda bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələri bir araya gəliblər.

İştirakçılar əvvəlcə Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar olunan eksponatlardan ibarət sərgi ilə tanış olublar.

Beynəlxalq konfransın iştirakçılarını salamlayan mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycanın zəngin mədəni irsinin ən qiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insan məskənləri təşkil edir. 

Adil Kərimli qeyd edib ki, Azərbaycan hökuməti Prezidentin iradəsi və tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Bu tədbirlər həm də mədəniyyətimizin yenidən dirçəlməsinə hesablanıb.

Konfransın əhəmiyyətini qeyd edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu tədbir gələcəkdə ölkəmizin ərazisindəki tarixi abidələrin tədqiqinə və təbliğinə öz töhfəsini verəcək. 

Konfransda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev, TÜRKSOY-un Baş katibi Sultan Raev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoru Krista Pikkat və İƏT Mədəniyyət İnstitutunun prezidenti Saad S.Xan çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Açılış mərasiminin iştirakçıları konfransın mövzusuna həsr olunmuş videoçarxa baxıblar.

Beynəlxalq konfrans gün ərzində işini panel iclaslarla davam etdirəcək.

Müzakirələr çərçivəsində mövcud beynəlxalq mexanizmlər və milli səylər nəzərdən keçiriləcək, ən yaxşı təcrübələr və təkmilləşdirilməli sahələr müəyyən ediləcək.