
Azərbaycan Kukla Teatrı Türkiyədə beynəlxalq festivalda iştirak edəcək
Azərbaycan Dövlət Kukla Teatrının kollektivi Türkiyədə təşkil olunacaq IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak edəcək.
Teatrdan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, aprelin 21-dən mayın 12-dək davam edəcək beynəlxalq sənət bayramı Türkiyənin iki böyük şəhərində – Ankarada (23–25 aprel) və İstanbulda (26–27 aprel) keçiriləcək.
Festival daha sonra Bakıda (28–30 aprel) və Özbəkistanda (2–4 may) davam edəcək. Bağlanış mərasimi isə mayın 9-dan 12-dək Şimali Kipr Türk Respublikasında baş tutacaq.
Azərbaycan Dövlət Kukla Teatrının 10 nəfərlik heyəti aprelin 21-dən 26-dək Türkiyədə səfərdə olacaq. Səfər çərçivəsində tamaşaçılara “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Saida Haqverdiyeva, tərtibatçı rəssamı isə İqbal Əliyevdir.
Milli musiqi və rəqslərlə zəngin səhnə işində obrazları tamaşada aparıcı kukla aktyorları – Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim Rəhimov və Cavid Telman canlandıracaqlar.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrı yaradıcı təşkilat, sənət mərkəzi kimi mütəmadi beynəlxalq festivallara dəvətlər alır, dünya teatr aləmində təmsilçiliyini genişləndirməyə, yaradıcılıq əlaqələrini möhkəmləndirməyə çalışır. Bu baxımdan, teatrın Türkiyə, Rusiya, Gürcüstan və Özbəkistan kimi ölkələrlə uzunmüddətli və səmərəli əməkdaşlıq təcrübəsi mövcuddur.
Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı da bu əməkdaşlıq nümunələrindən biridir. Ötən il üçüncü dəfə keçirilən festival coğrafiyasını genişləndirərək bağlanış mərasimini Bakıda təşkil etmişdi. Bu, tədbirin Ankara, İstanbul və Bakı şəhərlərini əhatə etməklə kukla sənətçilərini bir araya gətirməsinə imkan yaratmışdı.
Festivalın təşkilinə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə üzrə Milli Komissiyası, TİKA, eləcə də Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrı dəstək verir. Layihənin əsas məqsədi müxtəlif ölkələrdən olan kukla sənətçilərini bir araya gətirmək, milli kukla teatrı və oyunları ənənələrini beynəlxalq miqyasda tanıtmaq, eyni zamanda, yeni ortaq layihələrin əsasını qoymaqdır.