Ümumdünya Təcili Yardım Günü münasibətilə tədbir keçirilib -

Ümumdünya Təcili Yardım Günü münasibətilə tədbir keçirilib - FOTO

13 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 14 sentyabr Ümumdünya Təcili Yardım Günü münasibətilə “Sağlamlıq hüququnun qorunması və təmin edilməsi” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasında həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Səhiyyə Nazirliyinin, onun tabeliyində olan tibb müəssisələrinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları, o cümlədən vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə Ombudsman aparatının şöbə müdiri Asiman Abbasov və Səhiyyə Nazirliyinin sektor müdiri Çinarə Əhmədova giriş sözü ilə çıxış edərək ölkəmizdə səhiyyənin inkişafı, muxtar respublikada əhalinin sağlamlığının qorunması və sağlamlıq hüququnun müdafiəsi istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.

Sonra Ombudsman aparatının əməkdaşı Sadiq Babayev "Yerli və beynəlxalq hüquqi normativ aktlarda sağlamlıq" mövzusunda çıxış edərək əhalinin sağlamlığının qorunması hüququnun beynəlxalq və regional sənədlərdə, habelə milli qanunvericiliyimizdə təsbit olunması, bu sahədə insan və vətəndaş hüquqlarına dövlət təminatı, habelə sağlamlığa vurulmuş zərərə görə tibb işçilərinin məsuliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.