Korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Prokurororluğu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional bölməsinin birgə təşkilatçılığı ilə mədəniyyət sahəsində çalışan şəxslər üçün “Korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizə. Etik davranış qaydaları” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin məqsədi Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planının fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət etməsi, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gücləndirilməsinə imkan yaratmaqdır.
Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov tədbirin mahiyyəti barədə məlumat verib. Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional bölməsinin aparıcı məsləhətçisi Mahir Abbasov mövzu ilə bağlı çıxış ediblər.