
Azərbaycan Respublikasında Təhsilin pillələri və səviyyələri necə müəyyən olunub? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Azərbaycan Respublikasında Təhsilin pillələri və səviyyələri necə müəyyən olunub?
Cavab: Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur:
Məktəbəqədər təhsil.
Ümumi təhsil:
1.ibtidai təhsil;
2.ümumi orta təhsil;
3.tam orta təhsil.
Peşə təhsili:
1.ilk peşə təhsili;
2. texniki peşə təhsili;
3. yüksək texniki peşə təhsili.
Orta ixtisas təhsili.
Ali təhsil:
1. bakalavriat (əsas (baza ali) tibb təhsili);
2. magistratura (rezidentura);
3. doktorantura (adyunktura).
Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla yekun attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır.
Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.
Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov