Muxtariyyətin 100 illiyi münasibətilə keçirilən ictimai dinləmələrə Çərçiboğan kəndindən start verilib -

Muxtariyyətin 100 illiyi münasibətilə keçirilən ictimai dinləmələrə Çərçiboğan kəndindən start verilib - FOTO

17 Sentyabr 2024

Muxtariyyətin 100 illiyi münasibətilə görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə muxtar respublikanın kəndlərində ictimai dinləmə, maarifləndirici söhbətlər və monitorinqlər keçirilir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sentyabrın 17-də Şərur rayonunun Çərçiboğan kəndində keçirilən ictimai dinləmə zamanı əvvəlcə Ombudsman aparatının şöbə müdiri Asiman Abbasov slayd vasitəsi ilə çıxış edərək Ombudsmanın fəaliyyəti haqqında ictimaiyyətə ətraflı məlumat verib.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib və araşdırılması üçün rəsmiləşdirilib. Sakinlərin hüququnun hərtərəfli təmini məqsədilə kənd məktəbində və kənd ambulatoriyasında monitorinqlər aparılıb.

Ümumilikdə həyata keçirilən bütün tədbirlər Çərçiboğan kənd sakinlərinin hüquqlarının təmini vəziyyətinin öyrənilməsinə, hüquqpozmaların aradan qaldırılmasına və hüquqi maarifləndirmə sahəsində biliyinin artırılmasına xidmət edib.

Qeyd edək ki, analoji tədbirlərin sentyabr və oktyabr aylarında muxtar respublikanın digər kəndlərində də keçirilməsi nəzərdə tutulub.