Qətimkan tədbiri kimlərin barəsində seçilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri kimlərin barəsində seçilə bilər?
Cavab: Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin valideynlərinin, qəyyumlarının, himayәçilәrinin, yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin üzərinə yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər prosessual vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir.
Yetkinlik yaşına çatmamış şəxsin nəzarət altına verilməsindən əvvəl təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə valideynlərin, qəyyumların, yaxud himayəçilərin şəxsiyyəti, onların yetkinlik yaşına çatmamış şəxsə qarşı münasibətləri barədə məlumat toplamalı, şübhəli və ya təqsirləndirilən şəxsi lazımi nəzarət altında saxlamalarını həyata keçirmək iqtidarında olduqlarını yəqin etməlidir.
Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbirinin seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan müvafiq qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarır. O, valideynləri, qəyyumları, himayəçiləri və ya uşaq müəssisəsinin nümayəndəsini həmin qərarla tanış edir və qərarın surətini onlara təqdim edir, habelə protokolda göstərilməklə onları şübhənin və ya ittihamın məzmunu ilə tanış, hüquq və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar edir.
Valideynlər, qəyyumlar, himayəçilər yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifələrindən xəstəliyi, ailədə qarşılıqlı münasibətin pisləşməsi, bu şəxslərin lazımi davranışını təmin etmə imkanını istisna edən digər səbəblər üzündən azad olunmalarını xahiş etməyə haqlıdırlar.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov