Avropa birinciliyində mükafat qazanan boksçularla görüş keçirilib
Kadetlər arasında Avropa birinciliyində mükafat qazanan boksçuların təhsil aldığı orta məktəblərdə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Bilik Günündə təşkil olunan tədbir 9 təhsil ocağında baş tutub.
Xırdalan şəhəri 1 saylı, Sumqayıt şəhəri Polad Həşimov adına 28 saylı, Sumqayıt şəhəri 26 saylı, Abşeron rayonu, Masazır qəsəbəsi 3 saylı, Mehdiabad qəsəbəsi 1 saylı, Ağcabədi rayonu 1 saylı, Hədəf liseyi, Bakı şəhəri Rafiq Nəsrəddinov adına 39 saylı və Lənkəran şəhəri Vaqif Əliyev adına 4 saylı humanitar təmayüllü tam orta məktəbdə uğur qazanan boksçulara Azərbaycan Boks Federasiyası (ABF) tərəfindən hədiyyələr verilib. Həmçinin məktəb direktorlarına ABF-in təşkil etdiyi yarışlarda idmançılara yaratdığı şəraitə görə təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, Bosniya və Herseqovinanın Banya Luka şəhərində kadetlər (məktəblilər) arasında keçirilən Avropa birinciliyində Azərbaycan millisi 9 medal qazanıb. Yığmamızın heyətində Aysel Fərəcova (40 kq), Cəmilə Muradlı (48 kq), Səma Abbasova (60 kq) və Nurlan Müseyibli (60 kq) ikinci yeri tutublar. Kəmalə Həsənova (51 kq), Şükar Əliyev (63 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənov (90 kq) isə yarışda bürünc medal qazanıblar.