Naxçıvanda "Milli Musiqi Günü" qeyd edilib -

Naxçıvanda "Milli Musiqi Günü" qeyd edilib - FOTO

18 Sentyabr 2024

Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi çərçivəsində "Milli Musiqi Günü”nə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və incəsənət nümayəndələrinin, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələrinin, yaradıcı birliklərin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov dünyaşöhrətli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığından, Azərbaycan mədəniyyəti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu öndər Heydər Əliyevin Fərmanına əsasən “Milli Musiqi Günü”nün qeyd olunduğunu diqqətə çatdırıb.

Həsən Seyidov qeyd edib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə yazdığı “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bir-birinin ardınca yazdığı opera və operettaları, marşları, kantataları, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib. Ulu öndər Heydər Əliyevin hər zaman Üzeyir Hacıbəylinin şəxsiyyətini yüksək qiymətləndirdiyini deyən nazir müavini diqqətə çatdırıb ki, Şanlı Zəfərdən sonra Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada dahi bəstəkarın heykəli yenidən ucaldıldı, əsərləri illər sonra doğma yurdunda səsləndi.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ulu öndərin bütün sahələrdə uğurlu davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin həssas münasibəti sayəsində Üzeyir Hacıbəylinin irsi bu gün də hörmətlə yaşadılır və təbliğ olunur. Nazir müavini əlamətdar gün münasibəti ilə bütün mədəniyət, incəsənət nümayəndələrini təbrik edib, onlara yeni sənət uğurları arzulayıb.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı AlətləriOrkestrının Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

Fikrət Əmirovun "Azərbaycan kapriççiosu” musiqisi ilə başlayan konsert zamanı dahi bəstəkarın əsərlərindən parçalar ifa edilib. Dinləyicilərdə xoş əhval-ruhiyyə yaradan konsertdə, həmçinin görkəmli bəstəkarlardan Emin Sabitoğlunun, Süleyman Ələsgərovun, Cahangir Cahangirovun, Ramiz Mirişlinin əsərləri ifa edilib.

Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrnın bədii rəhbəri Hakim Məmmədlinin dirijor olduğu musiqi şölənində əsərlər Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov, Prezident mükafatçıları- Nərmin Hüseynova, Ilkin Abdullayev, İsrafil Qibləliyev tərəfindən təqdim olunub. Konsert Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynovanın ifasında "Zəfər himni” ilə sona çatıb.