Məcid Seyidov Şahbuzda vətəndaşları qəbul edib -

Məcid Seyidov Şahbuzda vətəndaşları qəbul edib - FOTO

19 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov vətəndaş qəbulu çərçivəsində Şahbuz Rayon İcra Hakimiyyətinin iclas zalında rayonun sakinləri ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul üçün müraciət etmiş vətəndaşların təklif və şikayətləri dinlənilib. Müraciətlərin əsksəriyyəti rayonda idman infrastrukturunun gücləndirilməsi zərurəti, gənclərin sağlam həyat tərzinə cəlbi ilə bağlı olub. Rayon mərkəzində və kəndlərdə əhalidə idmana olan maraq və asudə vaxtın səmərəli təşkili nəzərə alınmaqla idman zalları, üzgüçülük mərkəzi, futbol və ya minifutbol meydançalarının tikilməsinə ehtiyac olduğu bildirilib.
Müraciətlərinin həlli üçün müvafiq qeydiyyatlar aparılıb. Bəzi problemlərin həlli istiqamətində görüləcək işlər gözdən keçirilib, məsləhətləşmələr aparılıb.

Məcid Seyidov bu ilin sonuna kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Şahbuzda və digər iki bölgəmizdə tikilməsi nəzərdə tutulan “Sağlam məhəllə” idman zonası ilə bağlı məlumatları diqqətə çatdırıb, bununla bağlı ciddi təşkilati-hüquqi işlərin davam etdirildiyini vurğulayıb. Nazir müavini digər müraciətlərin diqqətdə saxlanılacağını, nazirliyin səlahiyyətləri daxilində müvafiq addımların atılacağını bildirib.