Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu

Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu

18 Aprel 2024

Naxçıvan Muxtar Respublikasının yaranmasının tariximizdə çox mühüm siyasi hadisə olduğunu nəzər alan Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da muxtar respublikanın 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir”.

Naxçıvan Azərbaycanın tarixən formalaşmış ən mühüm və strateji mövqeyi ilə seçilən regionlarından biridir. Azərbaycanın bölgələri içərisində yalnız Naxçıvan müasir tariximizdə muxtar qurum kimi ayrılmışdır. Bunun əsas səbəbi Naxçıvan diyarının 1918-1920-ci illərdə düşdüyü hərbi-siyasi vəziyyətdir. Böyük dövlətlərin köməyi ilə Azərbaycan torpaqlarında – 10 min kv. km ərazidə yaradılmış Ermənistan Respublikası Naxçıvan bölgəsini ələ keçirmək üçün buraya hərbi müdaxilə etmiş, şəhər və kəndləri dağıtmış, yerli Azərbaycan əhalisini soyqırıma məruz qoymuşdur. Statistik məlumata görə, Naxçıvan diyarında 1918-ci ilin əvvəlində 170 mindən çox əhali yaşayırdısa, 1924-cü ildə əhalinin sayı 91 minə düşmüşdü. Yerli əhali ya öldürülmüş, ya da doğma torpaqlarından deportasiya edilmişdi.

İngiltərə və ABŞ dövlətləri istəyirdilər ki, Naxçıvan və Şəruru Ermənistana versinlər. İngiltərə 1919-cu il yanvar-avqust aylarında Naxçıvan diyarında general-qubernatorluq yaratmış, lakin məqsədinə nail ola bilməmişdir. Bundan sonra ABŞ hərbi qüvvələri burada “neytral zona” yaratmaq istəmiş, onlar da istədiyini həyata keçirə bilməmişdir. Qəhrəman naxçıvanlılar Naxçıvan diyarını Azərbaycan ərazisi kimi qoruyub saxlamışlar. Azərbaycan Demokratik Respublikasının baş nazirləri olmuş F.X.Xoyski və N.B.Yusifbəyli parlamentdəki çıxışlarında naxçıvanlıların qəhrəmanlıqlarına yüksək qiymət vermişlər.

Sovet Rusiyası Ermənistan Respublikası ilə Azərbaycanın iştirakı və xəbəri olmadan 1920-ci il avqustun 10-da və oktyabrın 28-də müqavilələr bağlamış, Naxçıvan və Zəngəzuru Ermənistanın ərazisi kimi təsdiq etmişdir.

Ermənistan Respublikası Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra da Naxçıvana basqınlar edir, insanları öldürürdü. Bunun qarşısını almaq üçün 1920-ci ilin iyulunda Naxçıvan diyarının əhalisi N.Nərimanov və S.Orconikidzeyə məktubla müraciət etdilər. Müraciətdə deyilirdi: “Yerli əhali öz qüvvəsi ilə daşnaklardan müdafiə olunur. Qızıl Ordunun köməyi ilə bizim diyarı azad etməyi və Azərbaycanla birləşdirməyi təmin etməyi təvəqqe edirik”.

XI Ordunun köməyi ilə 1920-ci il iyulun 28-də Naxçıvan diyarında Sovet hakimiyyəti quruldu və Naxçıvan SSR elan edildi. Respublikanın ali hakimiyyət orqanı – Naxçıvan İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsi Azərbaycan SSR XKS-in sədri N.Nərimanova məktub göndərdi. Məktubda deyilirdi: “Naxçıvan camaatının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hesab etmişdir”. 1921-ci ilin yanvar ayında keçirilmiş rəy sorğusunda da əhalinin 90 faizindən çoxu Naxçıvan SSR-in Azərbaycanın tərkibində saxlanılmasına səs verdi.

Sovet Rusiyası Ermənistanı sovetləşdirmək istəyirdi. Bunun üçün Naxçıvan və Zən­gəzuru Ermənistana verməklə onları razı salmaq istəyirdi. 1920-ci il noyabrın 29-da Ermənistan sovetləşdi. Bu dövrdə S.Orconikidzenin hazırladığı “Bəyanat” N.Nərimanova oxutduruldu. S.Orconikidze Lenin, Stalin və Çiçerinə yazdığı məktubda bildirirdi ki, ərazilərin verilməsini Azərbaycan rəhbərliyi, yəni N.Nərimanov elan etməlidir. N.Nərimanov həmin təzyiq nəticəsində mətni oxudu və mətndə Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi yazılmışdı.

Naxçıvan əhalisi bu bəyanatdan xəbər tutan kimi, etiraz əlaməti olaraq ayağa qalxdı, həmin qərara tabe olmadı. Zəngəzur əhalisi böyük fəlakət və soyqırımlara məruz qaldıqlarından etirazlarını lazımi səviyyədə bildirə bilmədilər. Beləliklə, Zəngəzur Ermənistanın tərkib hissəsi elan edildi. Bununla Naxçıvan Azərbaycandan ayrı düşdü, torpaq əlaqəsi pozuldu. Bu zaman Naxçıvanın muxtariyyəti zəruri oldu. Ümummilli lider Heydər Əliyev qeyd etdiyi kimi, “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.

Naxçıvanın muxtariyyət statusunu rəsmiləşdirən isə RSFSR ilə TBMM hökuməti arasında imzalanan Moskva müqaviləsi (1921, 16 mart) oldu. Moskva müqaviləsi beynəlxalq müqavilə statusu almış və müddətsiz imzalanmışdır. Moskva müqaviləsinin 3-cü maddəsi Naxçıvanla bağlıdır: “Razılığa gələn hər iki Tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir”.

Türkiyə hökuməti həm də istəyirdi ki, Cənubi Qafqaz respublikaları ilə ərazi-sərhəd məsələlərini dəqiqləşdirmək üçün onların hər biri ilə ayrı-ayrılıqda müqavilə bağlasın. Sovet Rusiyası buna imkan vermədi. 1921-ci il 13 oktyabr Qars müqaviləsi Rusiyanın iştirakı ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında imzalandı. Müqavilənin 5-ci maddəsi Naxçıvanla bağlı idi: “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.

Göründüyü kimi, Moskva müqaviləsində, Azərbaycan bu protektoratlığı heç zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir müddəası yoxdur. Qars müqaviləsində başqa bir müddəa verilib: “Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gələn” tərəflər verilmişdir ki, bu da Türkiyə, Azərbaycan və Ermənistandır.

Qars müqaviləsi də beynəlxalq statusa malikdir və müddətsiz imzalanmışdır. Bu müqavilə ilə Türkiyə həm də Naxçıvan vilayətinin qarantı funksiyasını öz üzərinə götürdü.

Naxçıvanın muxtariyyətini rəsmiləşdirən Moskva və Qars müqavilələrinin tari­xi əhəmiyyətindən bəhs edən Ulu öndər Heydər Əliyev demişdir: “Naxçıvanın mux­ta­riy­­yəti tarixi hadisə olubdur. Bu çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olub­dur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqavilə­si­nin və Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhə­miy­yəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçı­vanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir.

1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çox saylı müzakirələr olmuşdur. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycan daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti-geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycan ərazisindən aralı düşməsi, heç bir sərhəddə malik olmaması onun inzibati idarəçiliyinin qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi.

1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyar (ölkə) adlandırıldı, yəni onun siyasi-hüquqi statusu azaldıldı. Bunu bilən Türkiyə Cümhuriyyəti buna etirazını bil­dir­di. Nəticədə bir neçə müzakirədən sonra 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-yə çevrilməsi haqqında qərar verdi.

Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul edilmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsdiq edildi. Naxçıvan MSSR-in sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi göstərilmişdir.

Sovetlər birliyində muxtar qurumlar milli-mədəni muxtariyyətlər və siyasi-ərazi muxtariyyətlər formasında olmuşdur. Naxçıvan MSSR ərazi muxtariyyəti olmaqla beynəlxalq müqavilələrlə yaradılmışdır.

Müstəqillik dövründə - 1995-ci il konstitusiyasında “Naxçıvan Muxtar Respub­likası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Res­pub­likasının statusu bu Konstitusiya ilə müəyyən edilir, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir” kimi ifadə edilmişdir.

Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasında Naxçıvan muxtar dövlət kimi ifadə olunmuş və onun Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit edilmişdir.

Elşən HACIYEV

Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri