”Şərqi-Rus” qəzetinin tədqiqinə dair

”Şərqi-Rus” qəzetinin tədqiqinə dair

26 İyul 2024

XX əsrin 50-ci illərindən çox zaman Azərbaycanda mətbuatın yaranması tarixindən, C.Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edilərkən ancaq bu çərçivədə M.Şah­taxtlı haqqında həm də qısa şəkildə bəhs edilmişdir. Bu sahədə Ə.Şərifin “Molla Nəsrəddin necə yarandı” kitabını misal göstərə bilərik. İnsaf naminə qeyd etmək lazımdır ki, burada C.Məmmədquluzadənin çalışdığı ilk mətbu orqan kimi “Şərqi-Rus” qəzeti, onun naşiri M.Şahtaxt­lının yaradıcılığı haqqında nisbətən geniş məlumat verilmişdir. Burada qəzetin mövzu dairəsi, onun xalqımızın maariflənməsi istiqamətində gördüyü işlərdən geniş şəkildə bəhs olunur, dilin zamanın mətbuatına məxsus ədəbi türk dilinə yaxın olmasını təmin etmək üçün mötərizədə türkcə leksik vahidlərdən istifadə edildiyi də nəzərə çatdırılır. Eyni zamanda Cəlil Məmmədquluzadənin qəzetin nəşrindəki xidmətləri, ora­da gedən yazıları ətraflı şəkildə şərh edilmişdir. Burada Cəlil Məmmədquluzadənin böyük publisist tərəfindən kəşf edilməsi, onun “qəzet dünyasına daxil etməsi” hadisələri təsvir olunmuş­dur. Müəllif XX əsrin yeganə Azərbaycan qəzetinin çar hakimiyyətinə münasibətindən bəhs edərkən yazır: “Ola bilsin ki, çox zaman qəzet rəhbərliyi öz əqidəsinə zidd olan fikir və rəylər də irəli sürməyə məcbur olmuş: bu da onun həqiqi istiqamətini aydınlaşdırmaq üçün müəyyən çətinlik yaradır. Bu çətinliyi artıran və qəzetin qabaqcıl, mütərəqqi, demokrat mətbuat sırasına daxil edilməsinə imkan verməyən cəhətlərdən biri də budur ki, redaksiya müsəlman ruhanilərinə qarşı öz dərin hörmətini hər dəfə qabağa verir və Rəsul Allahın dininə sadiq olduğunu qeyd edirdi. Beləliklə, o zaman Zaqafqaziyada azərbaycanca nəşr edilən yeganə qəzet mütərəqqi, xeyirli materiallar dərc etməklə bərabər, öz oxucularını bir tərəfdən, çarizm quruluşuna sadiq qalıb itaət etməyə, o biri tərəfdən də islam dinindən möhkəm yapışıb müsəlman ruhanilərinə tabe olmağa çağırırdı”.

İnqilabdan əvvəl də senzura işlərində çalışmış və bu işə az-çox yaxından bələd olan Mirzə Şərif Mirzəyev Azərbaycan mətbuatının tarixindən bəhs edərkən “Şərqi-Rus” qəzetinin də üzərində dayanmış, guya Azərbaycan dilində qəzetin açılması ehtiyacı həll edilərkən çar hökumətinin nümayəndələri onu məqsədli şəkildə Parisdən Qafqaza, Tiflisə çağırmış, guya ona etibar etdikləri üçün qəzet redaktorluğunu M.Şahtaxtlıya həvalə etmişlər.

Onu qeyd etmək lazımdır ki, C.Məmmədquluzadə, yuxarıdakı sitatdan da gö­ründüyü kimi, “Şərqi-Rus” haqqında meydana atılan bu cür birtərəfli fikirlərə çox açıq və obyektiv cavab vermişdi.

C.Məmmədquluzadənin də qeyd etdiyi kimi, qəzetin ümummilli məsələlərdə prinsipial deyil, liberal mövqe sərgi­lə­məsi çarizmin mürtəce rejimindən qorunmaq mahiyyəti daşı­yırdı. M.Şahtaxtlı təzyiqlərdən, təhdidlərdən qəzeti qorumaq üçün manevrlər edir, onu mövqesizlikdə, prinsipsizlikdə qına­yan qələm dostlarına qəzet səhifələrində cavab verirdi. O, bir məqaləsində yazırdı: “Allah bizi rus təbəəsi yaratmış, biz zahirən və batinən rus padşahımıza və rus dövlətinə sadiq təbəə olub islam dinimizi və türk dilimizi can və dil ilə bəsləməyi kəndimizə fərz bilib beynəlmiləl politikadan və intriqadan istər din pərdəsi altında, istərsə də açıq olsun kəndimizi daima şiddətlə kənara tutmalıyız”.

Bundan sonra M.İbrahimov C.Məmmədquluzadə haq­qında yazdığı “Böyük demokrat” kitabında satirik yazıçımızın “Şərqi-Rus” qəzetindəki işi ilə əlaqədar bu qəzet üzərində dayanmışdır. Burada müəllif “Şərqi-Rus”dan müxtəsər şəkildə bəhs etsə də o dövrdəki tarixi şəraitin təsiri ilə qəzetin ehtiyatlı, üstüörtülü şəkildə davranmağa məcbur olduğunu açıq şəkildə yazıb M.Şahtaxtlıya haqq verirdi: “Şərqi-Rus” həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim dairələrin, təbəqələrin təzyiqinin artdığı bir zamanda çap edilirdi. O dövrdə hər ictimai-siyasi cərəyan mətbuatı öz tərəfinə çəkməyə çalışırdı. Belə bir zamanda “Şərqi-Rus” üçün mütərəqqi-demokratik istiqaməti ardıcıl surətdə davam etdirmək çətin məsələ idi. Buna görə də o ikitirəli idi.

Görkəmli tənqidçi və ədəbiyyatşünas Ə.Mirəhmədov da əsasən “Molla Nəs­rəddin” jurnalı və mətbuat tarixi ilə əlaqədar M.Şahtaxtlı yaradıcılığına müraciət etmişdir. Alim, xüsusilə “Azərbaycan Molla Nəsrəddini” kitabında M.Şahtaxtlı və “Şərqi-Rus” haqqında nisbətən ətraflı məlumat vermişdir. Müəllif M.Şahtaxtlının həyatı və yaradıcılığı, jurnalistlik fəaliyyəti haqqında maraqlı məlumatlar vermişdir. M.Şahtaxtlının, xüsusilə Azərbaycan publisistikasının təşəkkül və inkişafında mühüm iş gördüyünü də qeyd edən Ə.Mirəh­mədov yazır: “Cavan­lığında Tiflisdə təhsil aldığı zaman Axun­dovla görüşüb onun maarifçi görüşləri ilə tanış olması, habelə “Əkinçi” ideyalarından təsirlənməsi Şahtaxtinski üçün xeyli faydalı olmuşdu”. Daha sonra müəllif doğru olaraq “Şərqi-Rus”un dil fəaliyyətini də yüksək qiymətləndirir: “Gələ­cək “Molla Nəsrəddin” redaktoru və mollanəsrəddin­çi­lə­rin dil məsələsində xətti-hərəkətinin müəyyənləşməsində “Şərqi-Rus”un dil siyasəti, Azərbaycan dilinin müstəqilliyi və saflığı uğrunda mübarizəsi xüsusilə əhəmiyyətli idi”. Müəl­lif yenə doğru olaraq qeyd edir ki, “Şərqi-Rus”, M.Şah­taxtlı C. Məmmədquluzadə üçün yaxşı bir məktəb olmuş, ona ideya-yaradıcılıq və qəzetçilik təcrübəsi vermişdir. Müəl­li­fin digər bir yaddaqalan xidməti də ondan ibarətdir ki, 1892-ci ildə rus proletar yazıçı Maksim Qorkinin Bakıya gələrkən yol­üstü Tiflisdə olması, burada bir türk publisist yazıçı ilə tanış ol­ması və sonralar əsərlərində bu epizodu xatırlamasını, ancaq o türkün kim olduğunu yazmadığını göstərir və inandırıcı fakt­lar­la bunun M.Şahtaxtlı olduğunu əsaslandırmağa çalışır.

Ə.Mirəhmədov böyük ədibin XIX əsrin 70-80-ci illərdəki fəaliyyətinin maarifçilik istiqamətində mütərəqqi mahiyyətdə olduğunu, kasıbların hüquqlarını müdafiə etdiyini göstərmişdir. Onu da qeyd etmək lazımdır ki, bəzən müəllif bütün bu müsbət fikirlərlə yanaşı, tarixi şəraiti, mövcud vəziy­yəti nəzərə almadan bizcə, M.Şahtaxtlının jurnalistik fəaliy­yətinə rəngləri tündləşdirərək tənqidi mövqedən yanaş­mışdır.

“Şərqi-Rus” qəzetinin mətbuatımızın tarixində, ictimai fikir tarixində yeri və roluna bizcə, tədqiqatçı Xeyrulla Məmmədov o dövrün şərtlərini nəzərə alaraq daha obyektiv qiymət verməyə çalışmışdır. O yazır ki, “Şərqi-Rus” XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda realist ədəbiyyatın inkişafı uğrunda mübarizələrin tarixində xüsusi mərhələ təşkil edir. Doğrudur, “Şərqi-Rus”un fəaliyyətində məhdud və ziddiyyətli cəhətlər çox idi. Bunların bir qismi mülkədar balası olan naşir və redaktorun dünyagörüşü, əqidə və baxışları ilə, digər qismi isə konkret zaman və şəraitlə bağlı idi. Qəzet bir tərəfdən milli mədəniyyətin müasir dövrün tələblərinə uyğun inkişafı, rus və Avropa ictimai fikrinin mütərəqqi cəhətlərinin yayılması uğ­runda mübarizə aparır, qadın azdlığı, beynəlmiləlçilik ideya­larını müdafiə edir, digər tərəfdən Qafqaz Ruhani idarəsi ilə əlaqə yaradaraq onların kölgəsinə sığınır, məhəllə mollalarının dini elmləri, Orta Asiya, Krım, Volqaboyu, Sibir türkçü və islamçılarının millətçiliyi təbliğ edən məqalələrini dərc edirdi. Onu da qeyd edək ki, S.Mövlayeva, K.Zeynalova da M.Şahtaxtlı irsinin öyrənilməsində müəyyən rol oynamış, onun rusdilli mətbuat səhifələrində publisistik yazılarının tədqiq və təhlilinə cəhd göstərmişlər. Ancaq burada bir diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, bu elm adamları ehtimal ki, elmi rəhbərləri olmuş prof. Ə.Mirəhmədovun təsiri altında M.Şah­taxtlı publisistikasının zəif cəhətlərini qa­bartmağa çalışmış, onun demokratik-ictimai görüşlərinin guya mürtəce xarakterdə olduğu, məhdud olduğu qənaətinə gəlmişlər. Beləliklə, onun elmi və publisistik fəaliyyətinə layiq olduğu qiyməti verə bilməmişlər.

S.Mövlayevanın tədqiqatı M.Şahtaxtlının “Kaspi” qəze­tindəki iştirak və fəaliy­yətinin, əməkdaşlığının tədqiqinə həsr olunmuşdur. O, “Kaspi” qəzetinin fəaliyyətinə həsr etdiyi mə­qalələrində və ayrıca monoqrafiyasında böyük maarifçinin fəaliyyətinə də geniş yer ayırmış, onun qəzetdə dərc olunmuş 8 publisistik məqaləsini tədqiq və ədəbi təhlil etmişdir.

Tədqiqatçı Kəmalə Zeynalova da alimin elmi-publi­sistik irsinin öyrənilməsində müəyyən xidəmət göstərmişdir. XX əsrin 70-ci illərinin əvvəllərində “Sovetskaya türkologiya” jurnalında M.Şahtaxtlının dilçilik fəaliyyətinin öyrənilməsinə müraciət etmiş, onun arxivdə qalmış yeni əlifba layihəsini geniş şəkildə tədqiq etmişdir. Bu tədqiqatın davamı olaraq tədqiqatçı XX əsrin 90-cı illərində böyük maarifçi-ictimai xadimin rus dövri mətbuatındakı publisistik fəaliyyətinə həsr olunmuş monoqrafiya nəşr etdirmişdir (103). Monoqrafiyanın I fəsli alimin elmi tərcümeyi-halının öyrə­nilməsinə həsr olunmuş qısa oçerkdən ibarətdir. Burada görkəmli qələm ustasının həyatı və zəngin yaradıcılıq yolu çox təfərrüatlı şəkildə nəzərdən keçirilmişdir. Bu fəsildə eyni zamanda rus proletar yazıçısı Maksim Qorkinin M.Şahtaxtlı ilə görüş və tanışlığının təfsilatı verilmiş, onun Bakının tarixi, keçmişə, mədəni irsə ehtiram və qayğı haqqındakı fikirlərinin böyük yazıçının yad­daşına həkk olunmasından və bu türk publisistinin mədəni səviyyəsi, avropalılara məxsus ifadəli danışıq tərzinin onda rəğbət oyandırmasından bəhs olunmuşdur.

Həmin fəsildə M.Şahtaxtlının publisistik və jurnalistik fəaliyyətindən geniş şəkildə bəhs edən K.Zeynalova eyni zamanda, onun nəşriyyat işinin tarixindəki rolunu da yüksək qiymətləndirərək yazmışdır ki, maarifçilik cərəyanın nüma­yən­dələri Azərbaycanda kitab nəşrinin və kitabın yayılmasına böyük fikir verirdilər. Çar hökuməti isə hər vasitə ilə ucqar­larda mədəniyyətin inkişafına, maarifçiliyin ya­yılmasına, kitab nəşrinə mane olmağa cəhd göstərirdi. Məhz buna görə də XIX əsrin 50-80-ci illərində Azərbaycanda kitab nəşri işinin inkişafı üçün heç bir şərait olmamışdır. Belə ki, həmin dövrdə Rusi­yada bu iş çiçəklənmə dövrünü keçirdiyi halda, Azərbaycanda ancaq cüzi tirajla 50-yə yaxın kitab işıq üzü görmüşdü. Bu baxımdan “Məhəmməd ağa Şahtaxtinski mətbəəsi” mövcud olduğu dövrdə maarifin inkişafına böyük kömək göstərmiş, Rəşid bəy Əfəndiyev, Əbdülcabbar Şəkili və başqalarının ki­tablarını nəşr etmişdir. Oxucuların mədəni ehtiyaclarını ödə­mək məqsədi güdən M.Şahtaxtlı öz mətbəəsini təmənnasız şəkildə xalqın isti­fadəsinə vermişdi. Onun böyük xidmət­lərin­dən biri də bundan ibarətdir ki, kitabı yaymaqla, populiyarlaş­dırmaqla Azərbaycanda kitab nəşri işinin gələcək inkişafına böyük yardım göstərmişdir.

Fatimə Həsənova

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun əməkdaşı