Vitrindəki qiymətlə kassadakı qiymətin fərqli olması hər hansı bir məsuliyyətə səbəb olur ? -

Vitrindəki qiymətlə kassadakı qiymətin fərqli olması hər hansı bir məsuliyyətə səbəb olur ? - HÜQUQ MƏSLƏHƏTİ

24 İyul 2024

Sual: Supermarketlərin birindən alış-veriş edərkən aldığım malın vitrində göstərilən qiyməti ilə kassada hesablanan qiymətinin fərqli olduğunu gördüm. Bilmək istərdim ki, malın vitrin qiyməti ilə kassadakı qiymətinin fərqli olması hər hansı məsuliyyətə səbəb olurmu?

Cavab: Bəli, belə qiymət fərqinin olması inzibati məsuliyyətə səbəb olur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə satıcı istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində istehlakçıya düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.31-ci bəndinə əsasən satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satış qiyməti elə malın üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi malın (xidmətin) hesabına dair istehlakçıların aldadılması hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində bu cür qanunsuz hərəkətlərə, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üçün üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üçün min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üçün dörd min manatdan altı min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində “az miqdar” dedikdə üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.


Sualı cavablandırdı: Culfa Rayon Prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas - Tural Tarverdiyev