
Milli Məclisə seçkilər zamanı səsvermə qaydası qanunvericilikdə necə müəyyən olunub? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Milli Məclisə seçkilər zamanı səsvermə qaydası qanunvericilikdə necə müəyyən olunub?
Cavab: Seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında media və ya məlumat lövhələri vasitəsi ilə seçiciləri xəbərdar etməlidirlər.
Yaşayış məntəqəsində seçicilərin ümumi sayı 50-dən azdırsa və həmin yaşayış məntəqələrindən ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan çox vaxt tələb olunursa, dairə seçki komissiyası həmin seçicilərin seçicilər siyahısına daxil edildikləri seçki məntəqəsinə çatdırılması üçün ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Bu cür istifadənin xərcləri dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyası tərəfindən ayrılan vəsait hesabına ödənilir.
Seçki Məcəlləsinin 35.4-cü-35.6-cı maddələrinə uyğun yaradılmış seçki məntəqələrinin məntəqə seçki komissiyaları, seçici siyahılarına daxil edilmiş bütün seçicilər səsvermədə iştirak ediblərsə, səsvermənin vaxtından qabaq qurtarması haqqında məlumat verə bilərlər.
Seçkilər günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirməlidir. Bu istək şifahi şəkildə bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. Dairə seçki komissiyaları seçkilər günü Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, uzaq və yolu çətin yerlərdə səsvermə gününə ən çoxu 10 gün qalmış səsverməni keçirməyə icazə verə bilərlər.
Seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.
Seçici birmandatlı seçki dairəsi üzrə seçki bülletenində səs verəcəyi namizədin soyadından sağdakı kvadratda işarə qoyur.
Birdən çox boş kvadratda işarə qoyulduqda, səs etibarsız sayılır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov