Mənzilimdə qeydiyyatda olan qohumu qeydiyyatdan necə çıxara bilərəm ? -

Mənzilimdə qeydiyyatda olan qohumu qeydiyyatdan necə çıxara bilərəm ? - HÜQUQ MƏSLƏHƏTİ

25 Aprel 2024

Sual: Salam, bir neçə il əvvəl qohumumu mənzilimdə qeydiyyatda salmışam, lakin bir müddətdir ki, həmin şəxs mənzilimdə yaşamır. Bilmək istərdim ki, mənzilimdə qeydiyyatda olan qohumumu qeydiyyatdan çıxara bilərəmi, əgər çıxara bilərəmsə, necə çıxara bilərəm?

Cavab: Bəli, mənzilinizdə qeydiyyatda olan kənar şəxsi qeydiyyatdan çıxara bilərsiniz. Yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Belə ki, şəxsin mənzilində formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və ya mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə polis idarəsinə inzibati qaydada müraciət etməlidir. Lakin polis idarəsi mənzildə qeydiyyatda olan kənar şəxsin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından imtina edə bilər. Belə olan halda şəxs polis idarəsindən imtina məktubu aldıqdan sonra məcburetmə haqqında iddia tələbi ilə inzibati məhkəməyə müraciət edə bilər. İnzibati məhkəmə işə inzibati icraat qaydasında baxaraq kənar şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin polis orqanının üzərinə qoya bilər. Onu da qeyd edim ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Heydər İbrahimli

Mənsurə Hümbətova