İşçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hansı hallarda cinayət məsuliyyətinə səbəb olur? -

İşçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hansı hallarda cinayət məsuliyyətinə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

20 Aprel 2024

Sual: Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?
 
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 və daha çox sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
 
Nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda həmin şəxs cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.
 
Əgər eyni əməllər təkrar törədilərsə, əməli törətmiş şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas-Rəmzi Həsənov
 
Mənsurə Hümbətova