İnzibati cərimənin ödənilməsi təxirə salına və ya ona möhlət verilə bilərmi? -

İnzibati cərimənin ödənilməsi təxirə salına və ya ona möhlət verilə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

23 Aprel 2024

Sual: Salam, mən inzibati qaydada cərimə olunmuşam, bilmək istərdim ki, inzibati cərimənin ödənilməsi təxirə salına və ya ona möhlət verilə bilərmi?

Cavab: Bəli, inzibati cərimənin ödənilməsi təxirə salına və ya ona möhlət verilə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 143-cü maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə salır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı ayadək müddətə uzadıla bilər.

Onu da qeyd edim ki,İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya İnzibati Xətalar Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya İnzibati Xətalar Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi,II dərəcəli hüquqşünas - Heydər İbrahimli

Mənsurə Hümbətova