Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi hansı hallarda ləğv edə bilər? -

Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi hansı hallarda ləğv edə bilər? - HÜQUQ MƏSLƏHƏTİ

27 Fevral 2024

Sual: Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi hansı hallarda ləğv edə və onun icrasından imtina edə bilər?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

Əgər hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törədərsə, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozarsa, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etməzsə hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər.

Bundan əlavə vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə və ya ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda da hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas-Rəmzi Həsənov 

Mənsurə Hümbətova