Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması hansı qaydada aparılır? -

Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması hansı qaydada aparılır? - HÜQUQ MƏSLƏHƏTİ

20 May 2024

Sual: Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması hansı qaydada aparılır?

Cavab: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 65-ci maddəsinə əsasən gömrük nəzarətindən keçməli olan mallar aşağıdakı formada yoxlanılır:

1. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər.

2. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətindən keçməli olan malları müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək hüququ vardır.

3. Gömrük orqanlarının vəzifəli şəxsləri yoxlamaların aparılması yerini təyin etmək və həmin malların, bağlamaların oraya gətirilməsini tələb etmək hüququna da malikdirlər.

4. Malların təyin edilən yerə gətirilməsi ilə bağlı yaranan əsaslandırılmış zəruri xərclər onları idxal və ya ixrac edən şəxs tərəfindən ödənilir.

5. Gömrük Məcəlləsinin 65.1-ci maddəsində qeyd olunan səlahiyyətlər əl yüklərinə, müşayiət olunan və olunmayan baqajlara, poçt göndərişlərinə (poçt rabitəsi xidmətindən istifadə edənlərin yazışma sirrini, poçt vasitəsilə ötürülən məlumat sirrinin qorunması hüququnu pozmamaq şərti ilə) və istənilən nəqliyyat vasitələrinə də şamil edilir.

6. Yoxlamaya fiziki və kimyəvi vasitələrlə analiz və testlərin aparılması, malların çəkilməsi, ölçülməsi daxil ola bilər. Yoxlamanın sürətləndirilməsi məqsədi ilə itlərdən, detektorlardan, kimyəvi maddələrdən, rentgen aparatlarından, surətçıxaran avadanlıqdan, mexaniki, elektrik, elektron cihazlardan, malların yerləşdirildiyi bağlamaların deşilməsi və sökülməsi üçün tətbiq olunan digər vasitələrdən istifadə edilə bilər. Həmin vasitələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

7. Gömrük nəzarətindən keçməli olan mallardan prob və nümunələr gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada götürülür.

8. Götürülən prob və nümunələr onların ekspertizasını aparmağa imkan verən minimum miqdarda (sayda, ölçüdə) olmalıdır.

9. Gömrük işinə dair digər qanunvericilik aktları ilə onlara verilmiş səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların olduğu və ya olması ehtimal edilən bütün ərazilərə, tikililərə və başqa yerlərə sərbəst surətdə daxil olmaq və orada baxış keçirmək hüququna malikdirlər.

10. Yaşayış binalarına (sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya iradəsinə zidd gömrük orqanlarının vəzifəli şəxslərinin daxil olmasına yol verilmir.

11. Yoxlama zamanı hüquqpozma faktı aşkar edilərsə, əlaqədar şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Yaqub Salamzadə