Girov qoyulmuş əşyanın məhv olması, itirilməsi və ya zədələnməsinə görə kim məsuliyyət daşıyır? -

Girov qoyulmuş əşyanın məhv olması, itirilməsi və ya zədələnməsinə görə kim məsuliyyət daşıyır? - HÜQUQ MƏSLƏHƏTİ

21 May 2024

Sual: Girov qoyulmuş əşyanın məhv olması, itirilməsi və ya zədələnməsinə görə kim məsuliyyət daşıyır?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə əgər girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski girov qoyanın üzərinə düşür.

Girov saxlayan ona verilmiş girov predmetinin tamamilə və ya qismən məhv olması, itirilməsi və ya zədələnməsi üçün, məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirməsə, məsuliyyət daşıyır. Girov saxlayan girov predmetinin ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən asılı olmayaraq girov predmetinin itirilməsinə görə onun həqiqi dəyəri məbləğində, zədələnməsinə görə isə dəyərinin azaldığı məbləğdə məsuliyyət daşıyır.

Əgər zədələnmə nəticəsində girov predmeti öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişmişsə, girov qoyan ondan imtina edə bilər və onun itirilməsi üçün əvəz tələb edə bilər. Müqavilədə girov saxlayanın girov qoyana girov predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən digər zərərin əvəzini də ödəmək vəzifəsi nəzərdə tutula bilər. Girovla təmin edilmiş öhdəlik üzrə borclu olan girov qoyan girov predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi barədə girov qoyana verdiyi tələbi girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid edə bilər. 

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas-Rəmzi Həsənov