"Xeyir xəbər" tamaşası teatrsevərlərə təqdim olunub - FOTO
Naxçıvan teatrında "Zəfər Günü"nə həsr olunmuş "Xeyir xəbər" tamaşası təqdim olundu
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında "Zəfər Günü"nə həsr olunmuş "Xeyir xəbər" tamaşası teatrsevərlərə təqdim edilib. Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı və Naxçıvan teatrının direktor əvəzi, baş rejissor Mir Qabil Əkbərovun quruluşunda səhnələşdirilən dram əsəri, mövzusunun aktuallığı və güclü ictimai təsiri ilə seçilir. Tamaşa 44 günlük Vətən müharibəsi, qəhrəman igidlərimizin şücaəti və xalqımızın zəfər naminə birliyini nümayiş etdirir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tamaşada əməkdar artistlər Vidadi Rəcəbli və Nazlı Hüseynquliyeva ilə yanaşı, gənc aktyorlar İsmayıl Mirzəcanov və Ləman Vəliyeva əsas rollarda çıxış edirlər. Səhnədə müharibənin qanlı-qadalı dəhşətləri və igidlərin qələbəyə inamı yüksək psixoloji təsirlə canlandırılıb. Tamaşanın diqqətçəkən səhnələrindən biri də ermənilər tərəfindən məhv edilən maddi-mədəniyyət nümunələrimizin, tarixi abidələrimizin, xüsusilə də Şuşa məscidinin minarəsinin dağıdılmasını əks etdirən səhnədir. Tamaşa erməni vandalizminin amansızlığını göstərərək tamaşaçılara tarixi ədalətin bərpasını hiss etdirir.
Eyni zamanda, tamaşada müharibədən sonra yenidənqurma işlərinə başlanılması, Şuşa məscidinə yeni həyat verilməsi və qoşa minarənin ucaldılması da əks olunub. Bu səhnələr xalqın gələcəyə olan ümidini və həyatın yenidən canlanmasını simvolizə edir. Tamaşanın rejissor assistenti Mehri Nəcəfova, quruluşçu rəssamı isə Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur. Həmçinin musiqi tərtibatçısı İbrahim Əliyevin işinin də tamaşaya uğurlu töhfə verdiyi qeyd edilir.
Qeyd edək ki, hər il qürur və təntənə ilə qeyd etdiyimiz "Zəfər Günü"nə həsr olunmuş bu tamaşa teatrsevərlər tərəfindən böyük alqışlarla qarşılanıb.