Azərbaycanda ilk: "Yaşıl enerji"dən tamaşa hazırlandı - FOTO
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Milli Dram Teatrının birgə layihəsi əsasında "yaşıl enerji"yə keçid, təbiətin mühafizəsi, ekoloji təmizliyə çağırış motivli yeni tamaşa nümayiş olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Yazıçı Eluca Atalının "Odunçunun nağılı" folklor nümunəsi əsasında səhnələşdirilən səhnə əsəri teatrın baş rejissoru Mir Qabil Əkbərovun bədii rəhbərliyi, gənc rejissor Ləman Vəliyevanın quruluşunda hazırlanıb.
Tamaşada ekologiyanın qorunması, günəş, su və küləkdən enerjinin alınması rejissor yozumunda incə ştrixlər, mühüm detallarla səhnə həllini tapır. Tamaşada əməkdar artist Nazlı Hüseynquliyevanın, aktyorlardan Uğur Nəsirli, Vəfa Qurbanova və İsmayıl Mirzəcanovun canlandırdıqları obrazlar da maraqla qarşılanıb. Tamaşanın quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı İbrahim Əliyevdir.
Tamaşa ilk dəfə COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində keçirilən “GreenFest”də nümayiş olunub. Tamaşa yaxın günlərdə Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.