Naxçıvanda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə çinar ağacları əkilib -

Naxçıvanda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə çinar ağacları əkilib - FOTO

07 Noyabr 2024

8 Noyabr - Zəfər Günü ölkəmizin hər bir guşəsində olduğu kimi Naxçıvan şəhərində də böyük qürur və iftixar hissləri ilə qeyd olunmaqdadır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu tarixi gün ərəfəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin, tabeli idarə, müəssisə və təşkilatlarının kollektivləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Sahil Parkında şəhidlərin adına ucalıq və əbədilik rəmzi olan çinar ağacları əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində keçirilən aksiya zamanı Naxçıvan şəhərindən olan 38 nəfər Birinci Qarabağ müharibəsi, 1 nəfər Aprel döyüşləri, 18 nəfər Vətən müharibəsi, 4 nəfər Antiterror əməliyyatları şəhidi olmaqla, ümumilikdə 61 nəfər qəhrəman Vətən övladının adına 61 ədəd çinar ağacı əkilib.

Ağacların yanında məlumat lövhələrində hər bir şəhidin həyat və döyüş yolu haqqında məlumatlar QR kodlara yerləşdirilib.