Naxçıvanda nümunəvi məhkumlara həvəsləndirmə tədbirləri tətbiq edilib -

Naxçıvanda nümunəvi məhkumlara həvəsləndirmə tədbirləri tətbiq edilib - FOTO

07 Noyabr 2024

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən 08 Noyabr-Zəfər Günü ərəfəsində Naxçıvan şəhərində, Kəngərli və Sədərək rayonlarında yerli icra və probasiya qurumlarında azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məkum olunmuş şəxslərlə hüquqi-maarifləndirici tədbir keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə nazirliyin və yerli qurumların əməkdaşları çıxış edərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların tətbiqinin vacibliyindən bəhs edilib, bu cəzaların icrasında məhkumlara cəzaların icrası qaydalarına məsuliyyətlə yanaşmaları, nöqsanlara yol verməmələri, icra məmurlarının çağırışlarına vaxtında cavab verməli olduqları bildirilib. Cəzanın icrası qaydaları, elektron nəzarət vasitələrinin gəzdirilməsi, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri diqqətə çatdırılıb. Qeyd olunub ki, məhkumlarla keçirilən maarifləndirmə tədbirlərinin məqsədi onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini düzgün təşkil etməkdən, habelə onların islah edilməsinə və sosial adaptasiyasına kömək etməkdən ibarətdir. 

Bildirilib ki, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası zamanı qaydaları nümunəvi yerinə yetirən məhkumlar barəsində həvəsləndirmə tədbirləri də tətbiq edilir. Həvəsləndirmə tədbirləri tətbiq edilərkən məhkumun cəza müddətindəki davranışı, tərbiyəvi xarakterli tədbirlərdə fəal iştirakı və onu müsbət xarakterizə edən digər əhəmiyyətli hallar nəzərə alınır. Həvəsləndirmə tədbirinin tətbiqi barədə yazılı qərar verilir və həmin qərar məhkuma elan olunur. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum olunmuş şəxsə tətbiq edilmiş həvəsləndirmə tədbirləri, habelə tərbiyə xarakterli tədbirlərdə fəal iştirakı məhkumun islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.

Sonda “8 Noyabr - Zəfər Günü” münasibətilə cəzasını nümunəvi yerinə yetirən məhkumlara təşəkkür növündə həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı qərarlar elan edilmişdir.