Bank borcunun hissə - hissə ödənilməsi üçün məhkəməyə müraciət etmək olar ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Banka 2 min manat borcum var. Ödəniş imkanım aşağı olduğundan banka müraciət edib mənə kömək etmələrini xahiş etdim. Kredit borcumu yeni üsulla hesablayıb müddətini uzadacaqlarını söylədilər. Lakin bu zaman faizlər həddindən artıq çox olacağından bankın təklifi məni qane etmədi. Bank məndən kredit borcunu məhkəmə qərarı ilə alacağı təqdirdə, qərarın icrası zamanı borcumun hissə-hissə ödənilməsini istəyə bilərəmmi?
Cavab: “İcra haqqında” qanunun 15-ci maddəsinə əsasən, siz qətnamənin hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərsiniz. Bu halda məhkəmə sizin əmlak vəziyyətinizi və digər halları nəzərə alaraq müraciətinizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Nəzərə almalısınız ki, qətnamənin hissə-hissə icrası barədə ərizənizə əmlakınızın vəziyyəti, qazancınızın miqdarı və sizdən tələb edilən borcu bir dəfəyə tam ödəmə imkanına malik olmamağınızı təsdiqləyən sübutlar əlavə etməlisiniz. Məhkəmə sizin təqdim etdiyiniz sübutlar əsasında ərizənizə lazımi hüquqi qiymət verəcəkdir.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimov