Naxçıvanda lentə alınmış “Nuhun izi ilə” filminin Stokholmda premyerası olub -

Naxçıvanda lentə alınmış “Nuhun izi ilə” filminin Stokholmda premyerası olub - FOTO

07 Noyabr 2024

İsveçin paytaxtı Stokholmda tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Nuhun izi ilə” sənədli filminin premyerası olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Azərbaycanın Zəfər Gününə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.

“Nuhun izi ilə” filmi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının layihəsi çərçivəsində Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşəbbüsü və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Naxçıvanda lentə alınıb.

Sənədli film, əfsanəyə görə, gəmisi Gəmiqaya dağına gəlmiş Nuh peyğəmbərə gedib çıxan Naxçıvanın qədim tarixindən bəhs edir. Filmdə, həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim memarlıq abidələri və rəqslərdən, Naxçıvanın musiqi alətlərindən və görkəmli şəxsiyyətlərindən söz açılır.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov qeyd edib ki, Azərbaycan xalqı iki mühüm hadisəni - ölkənin ərazi bütövlüyünün bərpasının dördüncü ildönümünü və Naxçıvan Muxtar Respublikasının 100 illiyini qeyd edir.

“Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan Zəfər yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmasına imkan verəcək. Bu gün Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxındır. Azərbaycan mədəniyyətinin əsl pərəstişkarı olan dəyərli dostumuz Mikael Silkeberq Naxçıvanın zəngin mədəniyyətini və tarixini şəxsən araşdırmaq və heyrətamiz sənədli film çəkmək üçün bu diyara səfər edib”, -deyə diplomat bildirib.

O, həmçinin qeyd edib ki, bu, Mikael Silkeberqin Azərbaycana həsr olunmuş üçüncü filmidir, digər iki film – “Xarıbülbül əfsanəsi” və “Odin şifrəsi” noyabrın 7-də Parisdə nümayiş etdiriləcək.

Daha sonra çıxış edən Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi yüksək səviyyədə qeyd olunur, bu çərçivədə bir sıra mühüm tədbirlər, layihələr və təşəbbüslər həyata keçirilib ki, bu da Azərbaycanın öz mədəni irsinin qorunması və təbliğinə daimi diqqətinin sübutudur.

“Naxçıvanda UNESCO-nun da diqqətində olan Möminə Xatun türbəsi ölkəmizin öz tarixi irsinin gələcək nəsillər üçün qorunub saxlanmasına sadiqliyini əks etdirir”, - deyə S.Seyidəhmədli əlavə edib.

Filmin rejissoru Rəhim Sadıxbəyli Naxçıvan Mədəniyyət Nazirliyinə, eləcə də filmin çəkilişlərində iştirak edən Naxçıvan Dövlət Dram Teatrının kollektivinə minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbirdə İsveçdə akkreditə olunmuş müxtəlif ölkələrin diplomatları, diaspor nümayəndələri, yerli media əməkdaşları və xarici qonaqlar da daxil olmaqla yüzdən çox insan iştirak edib.