Vətəndaşın şəxsiyyət vəsiqəsi hansı hallarda ondan müvəqqəti alına bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Vətəndaşın şəxsiyyət vəsiqəsi hansı hallarda ondan müvəqqəti alına bilər?
Cavab: “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsi, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün vəsiqə verən orqana göndərir.
Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə və ya onun qanuni nümayəndəsinə, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsə qaytarılır.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas-Rəmzi Həsənov.