Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin növləri hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin növləri hansılardır?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi onların müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.
Məhkəmə psixi pozuntusu olan şəxslərə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə, ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə və ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər.
Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bunun üçün nəzərdə tutulan əsaslar olduqda təyin edilir.
Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma təyin edilə bilər.
İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov