Naxçıvandakı ekodüşərgə uğurla reallaşdı -

Naxçıvandakı ekodüşərgə uğurla reallaşdı - FOTO

16 Oktyabr 2024

COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında könüllü gənclər və məktəblilər üçün bir günlük ekoloji düşərgə təşkil olunub. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan düşərgədə müxtəlif təlimlər, intellektual yarışlar, əyləncəli idman oyunları, hiking yürüşü və təmizlik aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, iştirakçılarla görüşdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov düşərgənin məqsəd və hədəfləri haqqında danışıb, proqramdakı fəaliyyətləri diqqətə çatdırıblar. Əlavə olunub ki, COP29 kimi mötəbər tədbirə ev sahibliyi, "Yaşıl dünya naminə həmrəylik ili", Naxçıvanın "yaşıl enerji zonası" elan olunması, ümumilikdə, ekosistemin qorunması sahəsində həyata keçirilən mühüm və ardıcıl tədbirlər Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəyə həssas yanaşmasının, qlobal müstəvidən baxışının göstəricisidiir. Muxtar respublikada da iqlim dəyişmələri ilə mübarizə, təhlükəsiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə sahəsində innovativ layihələr icra olunur, müxtəlif tədbirlər keçirilir. Gənclərin bu məsələlərə münasibətdə ideya və fəaliyyətləri dəstəklənir, onların iştirakı ilə müxtəlif ekoloji tədbirlər təşkil olunur.

Düşərgədə əvvəlcə Naxçıvan Dövlət Universitetinin müəllimi Hüseyn İmanovun "Ekologiya və biz", sonra isə "Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək" İctimai Birliyinin idarə heyətinin üzvü Günel İbrahimovanın "Ekoloji maarifləndirmədə motivasiya" adlı təlimləri reallaşıb. Gün boyunca gənclər üçün əyləncəli idman oyunlarda, intellektual yarışmada iştirak edib, “Batabat” yaylağı istiqamətində hikinq yürüşü ediblər.

Gənclər həmçinin yürüşün sonunda təmizlik aksiyası keçirərək ekodüşərgənin hədəflərinə öz nəcib töhfələrini veriblər.