Cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışam, hər hansı bir müavinət ala bilərmi? -

Cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışam, hər hansı bir müavinət ala bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

24 Fevral 2024

Sual: Salam, qeyd etmək istərdim ki, mən iki gün əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışam, hər hansı bir müavinət ala bilərəmmi?

Cavab: Bəli, ala bilərsiniz. Belə ki, “Sosial müavinətlər haqqında” Qanun ilə müəyyən edilmiş müavinətlərin növlərindən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən müavinətdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 177-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin əmək və məişət şəraiti ilə təmin olunmaq və başqa növ sosial yardım almaq hüququ vardır. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Qeyd edim ki, müavinət üçün müraciət edən şəxslər müavinət hüququ yarandıqda şəxsiyyət vəsiqəsini, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışını təqdim etməlidirlər. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var. Onu da bildirim ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir.

Sualı cavablandırdı: Culfa Rayon Prokurorluğunun böyük müstəntiqi, III dərəcəli hüquqşünas - Tural Tarverdiyev

Mənsurə Hümbətova