Unudulmaz həkim, alim, sədaqətli həyat yoldaşı və ana:  Zərifə xanım Əliyeva

Unudulmaz həkim, alim, sədaqətli həyat yoldaşı və ana: Zərifə xanım Əliyeva

14 Aprel 2025

O, əsl azərbaycanlı qadın, gözəl övlad, həyat yoldaşı və ana idi. İctimai xadim, Azərbaycan xalqının sağlamlığının keşiyində duran həkim-oftolmoloq Zərifə Əziz qızı Əliyevadan danışırıq. O, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. İctimai-siyasi fəaliyyəti ilə xalqına xidmət edən, dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya gəlib. Ailəsində aldığı yüksək tərbiyə, həmişə insanların qayğısına qalmaq istəyi onu 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə gətirir. Buranı oftalmoloq kimi bitirir. 1949-cu ildən isə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. 1950-ci ildə isə aspiranturaya daxil olduqdan sonra o zaman ölkəmizdə vətəndaşları narahat edən göz xəstəliklərinin yaranma səbəbi və bu problemin köklü şəkildə müalicəsi üçün həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlara da başlayır. Öz biliyi, dünyagörüşü, bir həkim kimi peşəkarlığı ilə diqqəti çəkən Zərifə xanım 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verir. 

XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. 

O təkcə bununla kifayətlənmir, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərir. Eyni zamanda respublikanın şəhər və rayonlarını gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Bu yorulmaz fəaliyyəti hamının diqqətini çəkdiyi üçün ona dah məsul işlər və vəzifələr həvalə edilir. 1967-ci ildə atası professor Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Burda isə öz təcrübəsi və istedadını xalqının sağlamlığı üçün daha geniş səkildə tətbiq edən Zərifə xanım çoxlu sayda cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş də aparırdı. Azərbaycan səhiyyəsinə yeni-yeni töhfələr verən peşəkar alim-həkimin diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Bundan sonra isə Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Bundan sonra onun fəaliyyəti daha da genişləndi. Həkim oftolmoloqlar üçün yazdığı dərs vəsaitləri “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s. məhz bu məsələlərə həsr edilmişdi. Bundan başqa Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Görmə orqanında peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü.  

Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. 

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmiş, bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır;

Böyük şəxsiyyətin ailəsində, Azərbaycanın ziyalıları, söz və sənət adamları Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi.

Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.

Təbii ki, Zərifə xanım həm də xalqımızın Ümummilli lideri olan Heydər Əliyevin həyat yoldaşı idi. Tale bu iki insanı ömür yollarını birləşdirmişdi. O həm də bir ömür gün yoldaşı, ana idi. İctimai, peşəkar fəaliyyəti ilə yanaşı həm də öz ailəsinin, övladlarının qayğısını çəkir, onların tərbiyəsi ilə məşğul olurdu. Bu gülərüz, səmimi və qayğıkeş xanımın adı ölkəyə başçılıq edən iki insanla sıx bağlıdır: biri uzun illər Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, digəri isə Azərbaycanın müzəffər Ali Baş Komandanı, Prezidenti İlham Əliyevin anası olmaq. Qürur verici məqamadır!  

Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə qeyd edildi. 

Bu gözəl insanın haqqında iki böyük insanın Ümummilli Lider Heydər Əliyevin və Ölkə başçımız İlham Əliyevin sözləri çox dəyərlidir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”- deyirdi Heydər Əliyev. “Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”- bu dəyərli sözlər isə Prezident İlham Əliyevə məxsusdur. 

Təəssüf ki, Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olundu. Ömrünü xalqa, vətənə, insanların sağlamlığına, gələcəyinə həsr edən Zərifə xanım bu gün xatirələrdə, gözlərinə şəfa verdiyi xalqın ürəyində yaşayır. 

Rza XUDİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti.