2025-ci il Suverenlik və Konstitusiya ili: Azərbaycanın dövlətçilik yolu

2025-ci il Suverenlik və Konstitusiya ili: Azərbaycanın dövlətçilik yolu

24 Aprel 2025

2025-ci ilin “Suverenlik və Konstitusiya ili” elan olunması Azərbaycan dövlətçilik tarixində hüquqi və siyasi cəhətdən önəmli bir mərhələdir. Suverenlik- sərbəst və müstəqil formada xalqın öz müqəddəratını həll etmək və idarəetmə formasını müəyyən etməkdir. Konstitusiya isə dövlətin ali qanunu olaraq ali hüquqi qüvvəyə malikdir. Bu anlayışlar tarix boyu Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin ideyası olmuşdur. Tarixi təcrübələrimiz göstərir ki, xalqın suverenliyi güclü dövlətçilik ənənələri və hüquqi əsaslar üzərində inşa oluna bilər. Azərbaycan xalqının tarix boyu ən böyük arzularından biri müstəqil, ədalətli və qanunun aliliyinə əsaslanan suveren dövlətin qurulmasıdır. Azadlıq ideyaları yüksək olan xalqımız hər zaman tarixin keşməkeşli illərində belə öz milli-mənəvi dəyərlərini qorumuş və milli kimliyimizi inkişaf etdirmişdir. Bu məqalədə Azərbaycan xalqının suveren dövlətçilik yolunu təhlil edəcəyik.

Qədim Azərbaycan dövlətləri öz qüdrətləri ilə fərqlənir və bu dövrdə Şummer, Akkad, Aşşur habelə digər dövlətlərlə sıx əlaqələr qururdular. Azərbaycan ərazisində dövlətçilik ənənələri minilliklərə söykənir. Manna, Midiya, Atropatena və Albaniya kimi qədim dövlət qurumları həm daxili idarəetmədə, həm də xarici münasibətlərdə müstəqil siyasi xətt yürütmüşdülər. Bu dövrlərdə suverenlik, əsasən, ərazi hakimiyyəti və monarxın gücü ilə ölçülürdü. Xüsusilə, Atropatena və Albaniya dövlətləri Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin yüksəldilməsində mühüm rol oynamışdı. 

Azərbaycan III əsrdə Sasanilər imperiyası, VII əsrdə isə Ərəb xilafəti tərəfindən işğal edildi və VII əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycanın tarixində əsaslı dönüş yarandı. IX əsrdə Azərbaycanın qədim dövlətçiliyi yenidən bərpa oldu və ictimai-siyasi, dini, mədəni həyatında əsaslı dəyişikliklər baş verdi. Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər feodal dövlətləri yarandı. Bununlada Azərbaycanda İntibah dövrü və oyanış baş verdi. Ərəb xilafətinin tənəzzülündən sonra Qafqazda, habelə, bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı və feodal dövlətlərimizlə yanaşı, Səlcuqlar, mərkəzləşmiş Eldənizlər-Atabəylər, Elxanilər-Hülakülər, Çobanilər, Cəlarilər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular və. s dövlətlər təkcə Azərbaycanın deyil, həmçinin bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoymuşdurlar.

Səfəvilər dövləti isə təkcə siyasi baxımdan deyil, həm də dini və ideoloji baxımdan bütöv bir mərkəzləşmiş dövlət idi. Səfəvilərin yaratdığı mərkəzləşmiş idarəetmə sistemi Azərbaycan tarixində dövlət suverenliyinin inkişafında mühüm iz qoymuşdur. Səfəvilər dövlətində bütün mühüm vəzifələrdə, saray işlərində türklərin rolu böyük olmuşdur. XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşmiş və Əfşarlar imperiyası kimi bilavasitə türk sülalələri tərəfindən idarə olunmuşdur. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir etmiş, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirmişdir.

Nadir şahın ölümündən sonra isə Əfşarlar imperiyası dağılmış, Azərbaycan ərazisi xanlıqlara parçalanmışdır və siyasi dağınıqlıq mövcud olmuşdur. Siyasi dağınıqlıq XIX əsrin əvvəllərindən Rusiya və Qacarların arasında bağlanan Gülüstan və Türkmənçay müqavilələri ilə başa çatdı.

XIX əsrin ikinci yarısında isə artıq Azərbaycan xalqının milli oyanışı baş verdi. Xalqımızın maarifləndirilməsində, milli şüur və dilin inkişafında M.F.Axundzadə, Ə.Ağayev, M.Şahtaxtinski, Ə.Topçubaşov kimi demokratik ziyalılarımızın rolu böyük olmuşdur.

Modern suverenlik düşüncəmizin təşəkkülündə isə Şərqdə ilk demokratik dövlətimizin böyük rolu oldu. Ağır bir şəraitdə 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan xalqının tarixində ilk dəfə milli suverenliyə əsaslanan respublika idarəetmə formasını qəbul etdiyi dövlətdir. Həmçinin dövlətin “İstiqlal Bəyannaməsi” demokratik düşüncə tərzini özündə əks etdirən mühüm siyasi akt idi. AXC-nin qəbul etdiyi əsas qanunvericilik aktları, konstitusiya xarakterli hüquqi sənədlər və 1918-ci il 7 dekabrda parlamentin fəaliyyəti sübut edir ki, bu dövlət artıq Şərqdə ilk müstəqil, demokratik və parlamentli respublika modelidir. Lakin bu dövrdə Konstitusiya qəbul olmadı. Həmin dövrdə ədliyyə, təhsil, diplomatiya sahəsində mühüm islahatlar həyata keçirilmiş, milli valyuta dövriyyəyə buraxılmış, ordu quruculuğuna böyük diqqət verilmişdi. AXC öz suverenliyini beynəlxalq müstəvidə də tanıtmağa nail olmuşdu. Paris Sülh Konfransında nümayəndə heyətinin iştirakı bunun bariz nümunəsidir.

Lakin 23 aylıq bu müstəqillik sovet işğalı ilə sona çatdı. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə xalqın suverenlik arzusu yarımçıq qaldı. Lakin bu dövr dövlətçilik şüurunun formalaşması baxımından əvəzsiz bir təcrübə idi.

Sovet dövrü, formal müstəqillik dövrümüz- 1920-1991-ci illəri əhatə edən bir dövrdə Azərbaycan Sovet Sosialist Respublikası adı altında SSRİ-nin tərkibində yer alsa da, bu dövr gerçək suverenliyin yox, formal müstəqilliyin yaşandığı bir mərhələdir. Azərbaycan SSR-nin konstitusiyası olsa da, əsl idarə Moskva- mərkəzdən həyata keçirilirdi. Qanunvericilik, iqtisadiyyat, mədəniyyət və təhsil sahələri Sovet ideologiyası ilə tənzimlənirdi. Bütün bunlara baxmayaraq, bu dövrdə formalaşmış intellektual potensial və milli özünüdərkin yüksəlişi gələcək müstəqillik üçün zəmin yaratdı.

1991-ci ildə fevral ayının 5-də Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qərarla Azərbaycan SSR-in adı dəyişilərək Azərbaycan Respublikası adlandırıldı. Elə həmin gün üçrəngli bayrağımız- Dövlət bayrağımız qəbul olundu. Xalqımız demokratik qüvvələrə böyük dəstək verdi və bu zaman 1991-ci ilin avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında “Bəyannamə” qəbul edildi. Azərbaycan xalqının mübarizə əzmi öz bəhrəsini verməkdə hələdə davam edirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında akt qəbul olundu. Bu akta əsasən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olundu. Lakin müstəqilliyin ilk illəri siyasi və iqtisadi sahələrdə qeyri-sabitlik, erməni təcavüzü və daxili çəkişmələrlə müşayiət olundu. Müstəqilliyimizin ilk illərində ən çətin bir dövrümüzü yaşayırdıq. Belə bir şəraitdə sabitliyi təmin etmək lazım idi. Bu sabitliyi isə Ulu Öndərimiz, xilaskarımız öz uzaqgörən siyasəti ilə sabitliyi bərpa etdi və ölkəmizdə baş verən təhlükələrin qarşısını aldı.

Azərbaycan Respublikasının Prezidentinin bilavasitə sədrliyi ilə yeni Konstitusiya komissiyası yaradıldı, komissiyanın tərkibinə müxtəlif sahədən olan nümayəndələr cəlb edildi. Yeni Konstitusiya layihəsi ümumxalq səsverməsinə təqdim olundu.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi və siyasi həyatında dönüş nöqtəsi oldu. 1995-ci ilin noyabrın 27-dən qüvvəyə mindi. Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, ülvi niyyətlərini bəyan etdi.

Bildiyimiz kimi Azərbaycanın 20% torpaqları ermənilərin işğalı altında idi. 30 ilə yaxın bu əzəli torpaqlarımız düşmən tapdağı altında qalmışdır. Azərbaycan dövlətinin isə bu dövrdə əsas və başlıca məqsədi ata-baba yurdumuzu azad edib, suverenliyimizi bərpa etmək olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və mərd oğullarımızın sayəsində 2020-ci ildə “44 günlük qəhrəmanlıq dastanı” bizim şanlı qələbəmizlə nəticələnmişdir. 10 noyabrda bəyannamə imzalanaraq atəşkəs elan olunmuşdur. Bu qəhrəmanlıq dastanı tariximizin Şanlı səhifəsidir. Qarabağ müharibəsi “Dəmir Yumruq” əməliyyatı və cəsarətli igidlərimizin sayəsində qələbə ilə nəticələnmişdir. Həmçinin 2023-cü ilin sentyabrın 19-20-də uğurlu antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa olunmuş və 1995-ci ildə qəbul olunmuş Konstitusiyamız bütün azad olmuş ərazilərimizdə də hüquqi qüvvəsini bərqərar etmişdir.

Azərbaycan xalqının dövlətçilik yolu, qədim dövrlərdən müasir günümüzə qədər uzanan şərəfli və çətin bir tarixdir. Bu yolun əsas dayaqları- suverenlik və konstitusiya olmuşdur. 2025-ci ilin bu dəyərlərə həsr olunması, onların təkcə keçmişin irsi kimi deyil, eyni zamanda gələcəyin təminatı kimi də dərk edildiyini göstərir. Azərbaycanın dövlətçilik yolu sadəcə faktlar toplusu deyil, bu yol bir millətin öz varlığını və iradəsini qorumaq uğrunda apardığı qəhrəmanlıq və mübarizənin simvoludur. Suveren və müstəqil dövlətimiz gələcək illərdə də tarixi nailiyyətlərə imza atacaq, daima zirvələrdə olacaq.

Muradlı Laləzər

Naxçıvan Dövlət Universitetinin I kurs magistrantı