
Texnologiya fənninin uşaqların inkişafındakı rolu
Uşaqlar gələcəyin memarı, həkimi, psixoloqu, rəssamı, heykəltaraşı, müəllimidir. Onlar gələcəyin mühafizəkarlarıdır. Əgər bu gün gələcəyimizi düşünürüksə, uşaqlara xüsusi diqqət yetirməli, onları böyük sevgi və səbrlə böyütməliyik. İstedad və bacarıqlarını kəşf edərək, özgüvəni yüksək olan, akademik uğurları ilə seçilən uşaqlar yetişdirmək üçün böyük səylə çalışmaq zəruridir. Bu məqsədlə məktəblərdə, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrində əsas və köməkçi fənlər tədris olunur. Bu fənlər arasında mühüm yer tutan Texnologiya fənni, bəzən bəzi valideyn və müəllimlər tərəfindən ikinci dərəcəli sayılır. Halbuki bu fənn uşaqlar üçün ən vacib, maraqlı və onların özünü kəşf etməsində mühüm rol oynayan dərsliklərdən biridir.
Texnologiya fənni texniki tərəqqinin böyük vüsət aldığı, elektron və informasiya texnologiyalarının əhəmiyyətinin artdığı və bazar iqtisadiyyatı şəraitində rəqabətin gücləndiyi müasir dövrdə şagirdlərin texnoloji təfəkkürünün inkişafına, onlarda texnoloji bacarıqların formalaşmasına və gələcək təhsil pillələrində zəruri bilik və bacarıqlara yiyələnməsinə xidmət edir. Bu fənn sayəsində şagirdlər texnoloji bilik və bacarıqlara yiyələnir, bu bilikləri öz fəaliyyətlərində məqsədyönlü şəkildə tətbiq etməyi öyrənirlər.
“Texnologiya” sözünün yunan dilindən tərcüməsi sənət və peşə haqqında elm mənasını verir. Bu elm istehsalat proseslərinin üsul və vasitələri haqqında biliklərin məcmusudur. Texnologiya materialları yarımfabrikat məmulatlara çevirmək üçün istifadə olunan üsul və prinsiplərdən bəhs edir. Pedaqoji texnologiya isə tədris prosesinin məzmunlu texnikası və birgə fəaliyyət modeli kimi başa düşülür. Lakin bu gün biz məktəb və bağçalarda pedaqoji texnologiyanı hansı səviyyədə tətbiq edirik? Maraqlı dərsləri uşaqlara necə çatdırırıq? Uşaqların maraq dairəsinə uyğun texnoloji bilik və bacarıqları düzgün istiqamətləndirə bilirikmi?
Uşaqların formalaşmasında və inkişafında bədii yaradıcılıq mühüm əhəmiyyət daşıyır. Bu sahəyə xüsusi diqqət yetirmək onların şəxsiyyət və düşüncə tərzinin, emosional dünyasının formalaşmasına töhfə verir. Uşaqlıq dövrü insan həyatının ən təsirli və məhsuldar mərhələsidir. Bu dövrdə bədii yaradıcılıq – təsəvvür, təxəyyül və ifadə qabiliyyəti – uşağın inkişafında əsas rol oynayır. Uşağın öz dünyasını rənglərlə, sözlərlə, hərəkətlərlə və səslərlə ifadə etməsi üçün ona şərait yaratmalıyıq. Beləliklə, uşağın yaradıcı texnikasını inkişaf etdirərək, onun daxili aləmini sərbəst ifadə etməsinə imkan yaratmış olarıq. Uşaqlar doğuşdan yaradıcılığa meyillidirlər. Ətraf mühit, valideyn münasibəti, müəllim yanaşması və təqdim olunan imkanlar bu meyli ya dəstəkləyir, ya da boğur.
Rəngli boyalarla tanışlıq, sərbəst rəsmlər çəkmək, nağıl yaratmaq və səhnəciklər qurmaq uşaqların həm emosional, həm də intellektual inkişafını dəstəkləyir. Bu dəstək nəticəsində uşaqlar xəyallarını formalaşdırmağı və bu xəyalları real dünya ilə uzlaşdırmağı öyrənirlər. Texnologiya fənni və elmin inkişafı ilə birlikdə həyata keçirilən təlim prosesləri uşaqlarda özgüvəni formalaşdırır. Texnologiyanın insanların həyatına bu qədər rahatlıqla daxil olmasının səbəbi, onun insan əməyini asanlaşdırmasıdır.
Aparılan müşahidələr göstərir ki, texnologiya fənninin tədrisində fəal təlimin didaktik tələblərinə əməl olunduqda, şagirdlərin ağıllılıq səviyyəsi artır. Onlar təlim məşğələlərinin həlli ilə fikri əməliyyatlarını empirik şəkildə müəyyənləşdirə bilirlər. Müəllimin təlim nəticələrinə əsaslanan tədqiqatları və problemə yanaşması çoxşaxəli fərziyyələr və ehtimallar irəli sürməyə şərait yaradır. Bunun nəticəsində uşaqlarda yaradıcı təxəyyül formalaşır, fikir və düşüncələri zənginləşir, kiçik motorika aktivləşir və digər bu kimi bacarıqlar inkişaf edir.
Əziz valideynlər və müəllimlər, gəlin hər bir uşağın daxilindəki istedadı üzə çıxarmaq üçün öz üzərimizdə işləyək. Uşaqların inkişafı, özgüvəninin formalaşması, istedadlarının üzə çıxması və akademik düşüncəyə sahib olmaları üçün bütün gücümüzü səfərbər edək. Çünki uşaqların ən güclü və sevimli yol göstərəni müəllimi və valideynidir.
Surə Fərzəliyeva
“Günəş” Uşaq Akademiyasının müəllimi